Balaca yumurtanın böyük problemləri

12 İyun 2012 12:08
Amma təəssüflər olsun ki, hazırda satış məkanlarında təzə yumurta əldə etmək çox çətindir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası şöbəsinin rəhbəri İmran Abdullayevin sözlərinə görə, hazırda bir çox satış məntəqələrində yumurtanın saxlanmasına düzgün əməl olunmur. Çox zaman tez xarab olan bu məhsul mağazalarda soyuducuda deyil, açıq şəraitdə saxlanılır. Mərkəz tərəfindən yumurtanın təhlükəsizlik göstəriciləri yoxlanılır. Məhsullar həmin parametrlərə görə müayinə olunur.

Belə ki, yumurtanın tərkibində ağır metalların, pestisid qalıqlarının olması, bu və ya digər mikrobioloji göstəricilərin, xüsusən salmanellozun olub-olmaması kimi məsələlər mikroskopik müayinələr vasitəsilə yoxlanılır: "Əgər yumurtada xəstəlik aşkarlanıbsa, o partiya bütövlükdə yoxlanıla və tədbirlər görülə bilər".

Yumurtanın necə saxlanmasına gəlincə isə, İ.Abdullayev bildirdi ki, məhsul mütləq soyuducuda saxlanmalıdır: "Müsbət altı dərəcəyədək göstəricidə yumurtanı saxlamaq olar. Yumurtanı qətiyyən nəm yerdə saxlamaq olmaz. Çünki üz qabığında nəm qalarsa, kif əmələ gələr. Bu isə yumurtanı yararsız hala salır. Yumurta istehsalı sahələrində məhsul mütləq baytar həkimi tərəfindən yoxlanmalı və çeşidlənməlidir. Mütləq lax yumurtalar yığılmalıdır. Üzərində qan ləkələri olan yumurtalar da seçilməlidir. Bundan sonra məhsulun sağlam olması ilə bağlı möhür vurulmalıdır. Yumurtanı soyuducuda 3-4 aya qədər saxlamaq mümkündür. Amma yenə də vurğulayım ki, saxlama rejiminə ciddi şəkildə riayət olunmaq şərtilə".

Məlum olduğu kimi, soyuducu daxilində də nəmlik əmələ gəlir. Belə olan halda yumurtada da nəmlik yaranır. İ.Abdullayev bildirdi ki, soyuducunun içində nəm mühit olsa da, mühitin soyuqluğu kif hüceyrələrinin inkişafının qarşısını alır. Əgər nəm mühitdə və 10 dərəcədən yuxarı temperaturada istənilən məhsul saxlansa, tez bir zamanda kif göbələklərinin yaranması üçün şərait yaranacaq. Qış aylarında yumurtanı soyuducudan kənarda saxlamaq olar. Amma məhsulun saxlandığı məkanın quru olması mütləqdir. 

Müsahibimiz onu da bildirdi ki, bizim mağazalarda yumurta daha çox soyuducudan kənarda saxlanılır ki, bu da qanundankənar haldır: "Belə hallarda həmin şəxslər bizim və digər orqanlar tərəfindən inzibati qaydada cəzalandırıla bilərlər. Yumurta tez xarab olan, amma xüsusi tez xarab olan məhsullar qrupuna aid deyil. Pəhriz yumurtaları və bir də şirniyyatlar, eləcə də digər yerlərdə istifadə olunmaq üçün nəzərdə tutulan məhsullar var".

Şöbə rəhbəri onu da vuruğladı ki, suda üzən quşların yumurtasından istifadə etmək qadağandır. Məsələn, qaz, ördək yumurtası bu qrupa daxildir. Bu qadağa xüsusilə salmanellozlardan qorunmaq üçün tətbiq edilib: "Bildirçin yumurtaları satışa verilib ki, bunlar da eynilə toyuq yumurtası kimi yoxlamalardan keçdikdən sonra satışa buraxıla bilər".

Xarici ölkələrdən gətirilən məhsulla yerli məhsulun fərqinə gəlincə isə İ.Abdullayev məhsullar arasında elə bir fərq olmadığını bildirdi. Amma bir məqamı da vurğuladı ki, yumurtanın keyfiyyəti toyuğun yemindən birbaşa asılıdır. Eyni zamanda, yumurtanın vəziyyəti toyuğun sağlamlığına çox bağlıdır.

Azərbaycan Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyevin sözlərinə görə, hazırda quşçuluq müəssisələrində kifayət qədər yumurta istehsalı var. Yerli tələbatın yerli istehsal hesabına ödənildiyini deyən A.Vəliyev artıq müəssisələrin anbarlarında kifayət qədər yumurtanın yığıldığını bildirdi. Cəmiyyət sədrinin sözlərinə görə, yumurta xüsusi şəraitdə altı aya qədər saxlanıla bilir. A.Vəliyev artıq ölkədə istehsal olunan yumurtanın xaricə ixracına ehtiyac yarandığını da bildirdi.

Qeyd edək ki, qurum bu məsələ ilə bağlı müvafiq qurumlara müraciət edib və yaxın günlərdə nəticəsini gözləyir. Ölkədə yerli istehsalın tələbatı ödəməsinə baxmayaraq, xaricdən - müxtəlif ölkələrdən Azərbaycana yumurta gətirilməsi davam edir. Bu siyahıya Türkiyə, Braziliya kimi ölkələr daxildir. Məsələn, Dövlət Baytarlıq Xidmətinin məlumatına görə, bu ilin beş ayında ölkəyə 120 ton mal əti, 14.5 ton qoyun əti, 9545 ton toyuq əti, 266 ton kolbasa, 1725 ton balıq, 527 ton quş əti sosiskası, 774 ton donuz əti, 1273 ton donuz piyi, 5461 ton süd, 4003 ton süd məhsulları, 2495 ton pendir, 798 ton quru süd, 2604 ton qatılaşdırılmış süd, 1516 ton mayonez, 12145 ton kərə yağı  ilə yanaşı, 7257600 ədəd mətbəx yumurtası, 13131400 ədəd damazlıq yumurta, 2110247 baş bir günlük cücə, 10 ton quru yumurta tozu, 516 ton xama, 705 ton yoqurt, 25447 kq təbii bal, 1108 ton balıq konservi, 778 ton it-pişik yemi və s. baytarlıq nəzarətində olan məhsullar idxal olunub.

Həmin məhsullar Respublika Baytarlıq Laboratoriyasında bakterioloji, kimyəvi-toksikoloji, radioloji müayinələrdən keçirilib və qida üçün yararlılığı müəyyən edilərək istifadəyə verilib. Yerli istehsalın kifayət qədər çox olmasına baxmayraq, xaricdən yumurta gətirilməsinin yalnız bir səbəbi olar  bilər ki, o da həmin yumurtanın daha ucuz qiymətə başa gəlməsidir. Məsələn, hazırda yerli müəssisələrdə istehsal olunan yumurtanın topdansatış qiyməti 5,5 qəpikdir.

Satışda isə yumurta 6-7 qəpikdən tutmuş, 10 qəpiyə kimi satılır. Quşçuluq Cəmiyyətinin sədri isə bildirir ki, bir ədəd yumurtanın istehsal edilməsi müəssisələrə 8-9 qəpiyə başa gəlir. Bu reallıq isə  müəssisələrin inkişafına mənfi təsir göstərir. Xaricdən gətirilən daha ucuz yumurtanın bazarda qərar tutması isə onların işini daha da çətinləşdirir. Onu  da qeyd etmək lazımdır ki,  hazırda yumurta bazarında qarışıqlıq hökm sürür. Kənd yumurtası adı altında satılan, xaricdən gətirilən və yerli müəssisələr tərəfindən istehsal olunan məhsul var.

Alıcılar isə çox zaman alacaqları məhsulun harada istehsal olunduğunu bilmirlər. Çünki hazırda broyler yumurtalarını da istehlakçını aldadıb, kənd yumurtası adı altında satmaq mümkündür. Eləcə də mağazadakı yumurtanın xaricdən gətirildiyi və yaxud yerli istehsal olduğu da bilinmir. A.Vəliyevin bu məsələyə münasibətinə gəlincə isə, o bildirir ki, yerli müəssisələr, əslində, yumurtanı möhürləməlidir, lakin bəzi iri broylerləri çıxmaq şərtilə digərləri maddi imkan ucbatından bu işi reallaşdıra bilmir.

Xaricdən gətirilən yumurtanı isə ümümiyyətlə ayırd etmək mümkün deyil. Bəs alıcı nə etməlidir? Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, satışa çıxarılandan sonra yumurtalar iki növə bölünür. Təzə yumurtalar dietik yumurta adlanır ki, belə yumurtanın satışda beş gün yararlılıq müddəti var. Bu müddətdən sonra 15 gün ərzində  süfrə yumurtası adlanır:

"Yumurtanın üzərində və yaxud da qablaşdırılmasının üzərində yumurtanın buraxılma tarixi və son yararılılıq müddəti yazılmalıdır. Yumurtalar satış şəratində 20 dərəcədən artıq temperaturada bir aydan artıq saxlanıla bilməz. Lakin  xüsusi yerlərdə üç aya qədər saxlamaq olar".

AİB sədri onu da bildirdi ki, çəkisi 44 qramdan az olan yumurtaların satışı standartlara uyğun deyil və belə yumurta satılmamalıdır: "İstehlakçılar yumurtanın çox mürəkkəb bir ərzaq malı olduğunu bilməlidirlər. Tez xarab olan maldır və insan yumurtadan bir anda xəstələnə bilər. Çox təəssüflər olsun ki, yaz ayları başlayanda bazarda çoxlu miqdarda keyfiyyətsiz yumurta olur. Səbəbi də odur ki, əhali broylerlərə onlara  cücə çıxarılmaları üçün yumurta veririr. Təxminən bir həftədən sonra həmin yumurtadan cücənin çıxıb və ya çıxmayacağı məlum olur.  Nəticədə cücə çıxmayan yumurtalar inkubatordan çıxarılır və yiyəsinə verilir".

AİB sədrinin sözlərinə görə, yumurtanın yiyəsi bu malı bazara çıxarır və kənd yumurtası adı altında nisbətən də baha qiymətə istehlakçıya satır.  Belə yumurtanın sarısı  artıq ağına qarışmış vəziyyətdə olur. Kənd yumurtasının qidalılıq baxımından daha yaxşı olduğunu bildirən AİB sədri eyni zamanda kənd yumurtasının  təhlükəli ola biləcəyini də vurğuladı. Eyyub Hüseynov onu da bildirdi ki, istehlakçılar daha çox kənd yumurtasından şikayət edir ki, bu da səbəbsiz deyil. Çünki kənddə yumurtanı necə gəldi saxlayırlar və nəticədə məhsulun sarısı ağına qarışmış vəziyyətdə olur. AİB sədri əhali arasında səhv olan bir fikri də diqqətə çatıdırdı:

"Əhali belə fikirləşir ki, yumurtanı soyuducuya yuyub yığmaq olmaz. Guya yumurta yuyulanda xarab olur. Yumurta mütləq yaxşı yuyulmalı və sonra soyuducuya qoyulmalıdır. Əks halda ciddi problemlər yarana bilər". E.Hüseynov bildirdi ki,  istehlakçılar yumurtanın təzə və köhnəliyini müəyyən etmək üçün onu günə tuta bilərlər:

"Yumurtanı alanda qulaqlarının dibində məhsulu çalxalayıb, səsinə qulaq assınlar. Əgər yumurtanın içərisində maye tərpənirsə, belə yumurtanı almaq olmaz. Saxlanma şəraitinə uyğun olmayan yumurtanı almasınlar".

AİB sədri deyir ki, istehlakçının özünün maariflənməsi ilə yanaşı,  səhiyyə orqanları, baytarlıq qurumları, İqtisadi İnkişaf Nazirliyi kimi qurumlar bu problemin qarşısını almalıdırlar. Bu, mütəxəssis fikirləri və tövsiyyəsi idi. Amma təəssüf ki, hazırda yumurta almaq istəyən istehlakçı onun nə təzə olduğunu, nə yerli olub-olmadığını, nə də ki, standartlara uyğun məhsul olduğunu bilmir.

Maraqlısı isə odur ki, mağazada yumurtanın təzə və ya köhnə olduğunu soruşmaq belə, satıcını qəzəbləndirir. Satıcıların əksəriyyəti bu sualı verən alıcıya kinayəli və kobud cavab verir. Nəinki alıcı yumurtanı günə tutsun və ya çalxalasın. Bəlkə də, bu mənzərəni seyr edən satıcı bu yoxlama prosesini aparan alıcını təhqir də edər. Onsuz da yararlılıq müddəti üzərində olmayan yumurtanın təzəliyini təcrübə olunmuş yollarla yoxlamaq səlahiyyətini əldə etmək üçün istehlakçılar hamısı mübarizə aparmalıdır. Təbii ki, mağazaya gələn 10 alıcıdan 9-u əlinə nə versələr, aparırsa, onuncu alıcı yumurtanın və ya istənilən məhsulun təzə-olub olmadığını sorğu-suala çəksə, bu, təəccüblə qaşılanacaq.

"Olaylar"