FHN: Hacıqabulda 4 nəfər helikopter vasitəsi ilə xilas edilib

24 May 2010 10:42
Milli.Az xəbər portalı nazirliyin internet saytına istinadən xəbər verir ki, ilkin məlumata görə, mayın 23-də saat 18:30 radələrində Birinci Meyniman kəndi yaxınlığında Kür çayında bəndin təqribən, 30-40 metrlik hissəsinin dağılması nəticəsində daşqın suları kənd ərazisinə daxil olmağa başlayıb. Operativ olaraq hadisə yerinə cəlb edilmiş FHN-in canlı qüvvə və texnikası dağılan bəndin bərpası və bərkidilməsi işlərinə başlayıb.

Çevik müdaxilə nəticəsində sel sularının əhatəsində təhlükədə qalmış 4 kənd sakini FHN-nin iki vertolyotu vasitəsi ilə xilas edilib.

Eyni zamanda, FHN-nin Mülki Müdafiə Qoşunlarının və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının köməkliyi ilə kənd əhalisinin qadınlar, uşaqlar, qocalar olan hissəsi təxliyə edilib. İlkin olaraq, təqribən, 70-ə qədər ev qismən daşqın sularının əhatəsində qalıb. Hazırda bəndin bərpa və bərkitmə işləri davam etdirilir.

Milli.Az