Günün təamı - sarımsaq turşusu - FOTO
13 İyun 2012 07:00
Sarımsağı müxtəlif üsullarla duza qoymaq olar. Bunlardan bir neçə variantı təqdim edirik.
Marinə edilmiş sarımsaq

Tərkibi:
1 kq təmizlənmiş sarımsaq
marinad:
200 q 9%-li sirkə
200 q su
20 q duz
50 q şəkər tozu
4 dənə istiot (qara, dənəvər)
3 dəfnə yarpağı
2 ç.q. xmeli-suneli
Əvvəlcə marinadı hazırlayın. Bunun üçün göstərilən ərzaqları qarışdırın. Ocağın üstə qızdırın. Qaynara düşən kimi ocaqdan götürüb soyudun.
Sarımsağı dişlərinə ayırıb, qabığını soyun. Aşsüzənə yığıb üzərinə qaynar duzlu su tökün (0,5 l suya 50 q duz). Sonra tez soyudun. Bunun üçün aşsüzəni soyuq su ilə dolu ləyənə salın.
Sonra sarımsağı şüşə bankaya yığıb üzərinə marinad tökün. Ağzına qalın kağız kəsib, iplə bağlayın, 15-22 dərəcə temperaturda saxlayın.
Marinə edilmiş sarımsaq - 2-ci variant

Tərkibi (yarımlitrlik banka üçün)
1 ç.q. duz
1 ç.q. şəkər tozu
1 ç.q. (üstsüz) limon duzu
8-10 qara dənəvər istiot
dəfnə yarpağı
keşniş toxumu
şüyüd toxumu
2-3 mixək
aspirin tabletləri
sarımsaq
Sarımsaqları yuyun, azca qurudub bankalara yığın. Üzərinə qaynar su tökün. Soyuyandan sonra bu proseduru daha iki dəfə təkrar edin. Axırıncı dəfə suyu atın.
Sonra bütün ərzaqları bankaya yığın, üstünə qaynar su töküb bağlayın.
Az duzlu sarımsaq turşusu

Tərkibi:
1 kq təmizlənmiş sarımsaq
duz
su
qarağat, albalı şüyüd yarpaqları, şüyüd, turp yarpağı
Sarımsağı dişlərinə ayırıb qabığını soyun. 1 l isti suya 80 q duz hesabı ilə marinad hazırlayın. Üçlitrlik balona bir neçə qara qarağat, albalı yarpağı, şüyüd, turp yarpağı qoyun, 1 kq sarımsağı yığıb üzərinə marinad tökün. Marinad sarımsağı tamamilə örtməlidir. Balonun ağzını ikiqat cuna ilə örtüb kapron iplərlə bağlayın. 15-22 dərəcə temperaturda saxlayın. 4-5 gün sonra yemək olar.
Alma şirəsində konservləşdirilmiş sarımsaq

Sarımsaq dişlərini yarım, yaxud birlitrlik bankalara yığın. Üstünə qaynar su tökün. 10 dəqiqə sonra suyu süzüb qədərini ölçün. Həmin qədərdə alma şirəsi (yaxşı olar ki, turş almanın) götürün. İçinə iki mixək və yarım litr bankaya 1 x.q. duz (litrlik bankaya isə 1,5 x.q. duz) əlavə edin. Bunu ocağın üstünə qoyun, qaynara düşəndə götürüb bankadakı sarımsağın üstünə süzün. Bankanı bağlayın.
Alma sirkəsində sarımsaq

Tərkibi:
10-12 litrlik vedrəylə bir sarımsaq (3 3-litrlik balon alınır)
1 şüşə alma sirkəsi
1 ədəd 3-litrlik balon üçün:
5 x.q. duz
2,5 x.q. şəkər tozu
20 x.q. alma sirkəsi
Sarımsaqları yuyub emallı vedrəyə yığın, üstünə sirkə tökün. Soyuq su da əlavə edib 40 gün saxlayın. Sonra suyunu süzüb axar suyun altında 1 saat yuyun. Sarımsaqları balonlara doldurun. Duz, şəkər tozu və sirkəni (hər balon üçün göstərilən miqdarda) qarışdırıb sarımsaqların üstünə tökün. Balon dolanacan isə su tökün. Ağzını kapron qapaqla bağlayın. 2-3 həftəyə hazır olur.
Çuğundurlu sarımsaq

Tərkibi:
suyu üçün:
0,5 kq çuğundura 250 ml su
marinad:
1 litr suya 100 ml 9%-li sirkə, 50 q duz, 50 q şəkər tozu, 100 ml çuğundurlu su
Çuğunduru sürtgəcin xırda gözündən keçirin. Üstünə göstərilən miqdarda su töküb qarışdırın, cunadan sıxıb süzün. Marinadın içinə xırda doğranmış çuğundur da qoymaq olar.
Marinad üçün olan ərzaqları qarışdırıb ocağın üstünə qoyun, qaynara düşəndə götürün.
Sarımsaq dişlərini təmizləyib qaynar suda 2-3 dəqiqə saxlayın, sonra çıxarıb soyuq suda soyudun. Bankalara yığıb üstünə qaynar marinad tökün.
Bankaları 5 dəqiqə sterilizə edin, bağlayın.

Bütöv sarımsaq turşusu

Tərkibi:
1 l suya:
50 q iri duz
25 q şəkər tozu
qara dənəvər istiot
reyhan yarpaqları
sirkə (birbaşa bankalara tökülür, 750 ml-lik bankaya 1 x.q. 9%-li sirkə)
sarımsaq
Sarımsaqları soyuq suda isladın. Sonra bir neçə dəfə yuyun (suyu təmiz olanadək). Banka və qapaqlarını sterilizə edin. Duzlu suyu hazırlayın, ocağın üstünə qoyun, qaynara düşəndə götürün, 80 dərəcəyədək soyudun.
Steril bankalara sarımsağı yığın. Üzərinə qaynar su töküb ağzına qapaq qoyun, 5-10 dəqiqə saxlayın. Sonra suyunu süzüb, əvəzinə isti duzlu su tökün. Sirkə də əlavə edib bankanın qapağını bağlayın. Üstünü isti adyalla bürüyüb tam soyuyanadək saxlayın, sonra isə daha soyuq yerdə saxlayın.


Marinə edilmiş sarımsaq cücərtiləri

Tərkibi:
1 l su
1,5-2 x.q. duz
100 ml 9%-li sirkə (sirkəni birbaşa bankaya da tökmək olar, o zaman 0,5 l bankaya 1,5 x.q. sirkə götürün)
sarımsaq cücərtiləri
Suda duzu və şəkəri əridin, ocağa qoyun, 2 dəqiqə qaynadıb sirkə əlavə edin, ocaqdan götürün. Yuyulmuş sarımsaq cücərtilərini eyni ölçüdə doğrayın (seçdiyiniz banka uzunluqda). Qaynar suda 2 dəqiqə saxlayın, soyuq suda soyudun. Qaynar suya salınıb çıxarılmış bankalara yığın, qaynar duzlu suyu üstünə tökün. Bankaları təxminən 5-10 dəqiqə sterilizə edin. Qapağını bağlayın. Tərs çevirib soyuyanadək belə saxlayın.


Nuş olsun!
Milli.Az