Azadlıq prospektinin "azadlığa" ehtiyacı var

30 Aprel 2024 10:30

Səbail, Nəsimi, Nərimanov və Binəqədi rayonlarından keçərək Azadlıq meydanı ilə Binəqədi şosesini birləşdirən Azadlıq prospekti sadəcə gecələr boş olur. İllər əvvəl avtomobillərin az olduğu dönəmlər üçün nəzərdə tutulan prospekt bugünkü avtomobil bolluğuna sözün əsl mənasında tab gətirmir. Prospektin boş vaxtının olmaması bunu deməyə əsas verir.

1991-ci ildən Azərbaycanın müstəqilliyi şərəfinə adı dəyişdirilərək "Azadlıq prospekti" adlanan yol Bakının əsas hərəkət hissələrindən biridir. Bulvar ilə Binəqədi, Fatmayi, Mehdiabad, Novxanı, Goradil, Digah kəndlərini birləşdirən bu prospekt bu qədər yükü daşıya bilmir. Lakin, prospektin kənarlarındakı binalar və obyektlər o qədərdir ki, yolun genişlənməsi də mümkünsüzdür.

Prospektin Dostluq kinoteatrından Bulvara qədər olan hissəsi ilə, Ziya Bünyadov prospekti ilə kəsişmədəki tuneldən düz Binəqədi şosesinə qədər olan pik saatlarda keçilməz olur. Səhər saatlarında isə Binəqədi şosesindən başlayan tıxac düz "qoşa zapravka" adlandırılan əraziyə qədər uzanır. Burdakı sıxlığa səbəb isə həmin ərazidə yolun kənarındakı məktəbə uşaqlarını gətirən valideynlərin maşınları necə gəldi saxlamasıdır.

Bu gün Bakının tıxacsız küçəsi demək olar ki, yoxdur. Sadəcə qəribəsi ondadır ki, artıq sadəcə pik saatlarda deyil, günün istənilən saatlarında yollarda sıxlıq müşahidə olunur. Bunun müxtəlif səbəbləri var. Məsələn, dayanma-durma qaydalarını pozan sürücülər, zolaqlar üzrə yerdəyişmə qaydalarını bilməyən sürücülər, yolu hardan gəldi keçən piyadalar, şəxsi avtomobillərin sayının xeyli artması, yol kənarında yerləşən məktəblərə övladlarını maşınla gətirən valideynlərin məsuliyyətsizliyi, universitetlərin şəhərin mərkəzində yerləşməsi, parkinq qaydalarının pozulması birbaşa sıxlığın yaranmasına təsir edən amillərdir.

Tıxaclardan necə qurtulmaq olar?

Pandemiya zamanı məhdudlaşdırıcı tədbirlər nəticəsində yollarda yaranan boşluq, ictimai nəqliyyatdakı rahatlıq sübut etdi ki, tələbələr və məktəblilər olmayan zaman tıxaclar daha az olur. Həmçinin yay tətilində də bunun şahidi oluruq. Buradan belə nəticəyə gəlmək olar ki, məktəblərin əsas yollardan kənarda tikilməsi daha məqsədəuyğun olar. Çünki, övladını götürmək üçün yolun hərəkət hissəsində avtomobilini saxlayan hər sürücü yolda tıxaca səbəb olur. Məsələn Azadlıq prospektindəki, İstiqlaliyyət küçəsindəki sıxlıqların əsas səbəbi oradakı məktəblərdən uşaqlarını avtomobillə götürərkən qaydapozan valideynlərdir. Bundan başqa universitetlərin də bölgələrə köçürülməsi və ya universitetlər şəhərciyinin tikilməsi tıxacdan qurtuluş yolu ola bilər. İş saatlarının dəyişdirilməsi, insanların müxtəlif saatlarda işə getməsi də bu məsələnin həllində vacib amildir. Tıxacsız Bakı üçün yeganə çıxış yolu isə sürücülük vəsiqəsinin verilməsi qaydalarının sərtləşdirilməsidir.

Bəxtiyar Umarlı
Milli.Az