Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas oyunçudur - “Europorter”

29 Aprel 2024 14:36

Avropanın nüfuzlu nəşri olan "Europorter" Azərbaycan Avropanın enerji təhlükəsizliyində rolu ilə bağlı məqalə dərc edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, məqalədə mövcud geosiyasi qeyri-sabitlik fonunda Avropanın alternativ enerji mənbələri axtararkən, Xəzər dənizinin sahilində etibarlı və iddialı ölkə olan Azərbaycana diqqətini artırdığını bildirilib.

Məqalədə odlar diyarı, qədim adət-ənənələri və geniş perspektivləri olan Azərbaycanın təkcə bənzərsiz təbiəti və zəngin mədəniyyəti ilə deyil, həm də müxtəlif təbii sərvətlərin, o cümlədən təbii qazın böyük ehtiyatlarına malik olduğu vurğulanıb. Qeyd edilir ki, hər keçən gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu getdikcə böyüyür. Xəzər dənizinin neft və qaz ehtiyatları uzun müddətdir ki, qlobal liderlərin diqqətini cəlb edir.

Məqalədə regionun enerji geosiyasətində mühüm mərhələ olan, 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi"nə diqqət çəkilib. Bildirilib ki, Azərbaycanın o zamankı prezidenti Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə imzalanmış bu müqavilə siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm sazişlərdən biridir. Dəyəri 7,4 milyard dollar olan "Əsrin müqaviləsi"nə 8 ölkədən - Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Səudiyyə Ərəbistanı və Yaponiyadan 13 iri beynəlxalq neft şirkəti cəlb edilib.

"Bu illər ərzində Azərbaycan özünü etibarlı və vicdanlı tərəfdaş kimi sübut edib, Avropanı təkcə neftlə deyil, həm də qazla təmin edib. Xəzərin mavi yanacağı bir sıra Avropa ölkələri üçün sabitliyin açarına çevrilib. Regionun artan tələbatına cavab olaraq, tərəflər 2027-ci ilə qədər Avropaya qaz tədarükünü ildə 20 milyard kubmetrə çatdırmaq barədə razılığa gəliblər. Müvafiq memorandum 2022-ci ilin yayında Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen tərəfindən imzalanıb", - deyə məqalə müəllifi qeyd edib.

Müəllif diqqətə çatdırır ki, ölkədə təsdiqlənmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr, proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetrə yaxın qiymətləndirilir. Azərbaycandan Avropaya təbii qazın əsas mənbəyi nəhəng "Şahdəniz" yatağıdır, lakin gələcəkdə "Babək", "Ümid", "Qarabağ", "Abşeron" kimi digər yataqların da cəlb edilməsi planlaşdırılır. "Abşeron"dan ilk qaz və kondensat 2023-cü ilin iyulunda alınıb və "Azəri-Çıraq-Dərinsulu Günəşli" yatağının işlənməsi layihəsi çərçivəsində bu il qaz hasilatına başlanılması nəzərdə tutulub. İlkin olaraq yarım milyard kubmetrə yaxın hasilat nəzərdə tutulur, lakin gələcəkdə həcmlərin beş dəfə arta biləcəyi bildirilib.

Məqalədə qeyd olunur ki, bu gün Azərbaycan qazını Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya və İtaliya, İtaliya vasitəsilə isə Almaniya, Böyük Britaniya, Fransa və İsveçrədən bir neçə iri enerji şirkətləri alır. Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Slovakiya və Şimali Makedoniya da qaz almaqda maraqlıdır. Bundan əlavə bildirilib ki, Rumıniya Azərbaycandan mayeləşdirilmiş təbii qaz (LNG) almaqda maraqlıdır. Bu perspektivli layihənin Gürcüstanın Qara dəniz limanlarından birində yerləşən SOCAR terminalında LNG-nin istehsalını və onun mayeləşdirilmiş formada Rumıniyanın Konstansa limanına çatdırılmasının nəzərdə tutulduğu qeyd olunub.

Vurğulanır ki, Azərbaycan qazına belə yüksək tələbat təəccüblü deyil: "İnvestorları Azərbaycanın etibarlılığı, sabitliyi və inkişaf etmiş infrastrukturu cəlb edir. Ticarət və logistika zəncirlərinin pozulduğu, bəzi dövlətlərin birtərəfli qaydada müqavilələrə xitam verdiyi pandemiya dövründə də Azərbaycan bütün öhdəliklərini yerinə yetirdi. Uzunmüddətli müqavilələr siyasəti Azərbaycana tədarükün proqnozlaşdırıla bilənliyini və etibarlılığını təmin etməyə imkan verir".

Müəllif diqqətə çatdırır ki, Azərbaycan uzun illər ərzində neft - qaz infrastrukturunun inkişafına sərmayə yatırıb və bu səylərin tacı uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizinin açılması olub. Azərbaycan artıq Əlcəzairdən sonra İtaliyaya ikinci ən böyük qaz tədarükçüsünə çevrilib. Ümumiyyətlə, Azərbaycan qazının ixrac marşrutunun getdikcə şaxələndiyi qeyd olunub. Bildirilir ki, Azərbaycan tərəfdaşlığının sabitliyi və etibarlılığı bugünkü təlatümlü dövrdə xüsusilə qiymətlidir, həmçinin Avropa İttifaqı ölkələri uzunmüddətli və sabit mənbə kimi Azərbaycan qazına getdikcə daha çox maraq göstərirlər.

Məqalədə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının önəmindən bəhs olunub. Bildirilir ki, Məşvərət Şurası təkcə Cənub Qaz Dəhlizi çərçivəsində fəaliyyətlərin əlaqələndirilməsində deyil, həm də iştirakçı ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində və gələcək addımlarının müzakirəsində mühüm rol oynayaraq müasir çağırışlara adekvat cavab verməyə kömək edir.

"Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və enerji mənbələrinin şaxələndirilməsinə töhfəsi böyükdür. Azərbaycan və Avropa İttifaqı arasında bu sahədə strateji tərəfdaşlıq bütün regionun sabitliyinə və davamlı inkişafına töhfə verərək inkişaf etməkdə davam edəcək. Azərbaycan təkcə qaz ixracatçısı deyil, həm də bərpaolunan mənbələrdən potensial enerji ixracatçısıdır. Həmçinin iqtisadiyyatı şaxələndirməyə və gələcəyə sərmayə qoymağa çalışan ölkədir. Azərbaycan qlobal enerji bazarında uzunmüddətli əməkdaşlığa və qlobal çağırışların həllinə hazır olan məsuliyyətli oyunçu kimi özünü sübut edib. Bundan əlavə, Azərbaycan neft-qaz diplomatiyası tarixində öz parlaq və əlamətdar izlərini qoyub. Bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində onun rolu getdikcə daha çox əhəmiyyət kəsb edir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun