Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO

26 Aprel 2024 19:27

Bakı-Şamaxı-Yevlax yolunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az bildirir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, yolu keçən piyadanı yük avtomobili vurub. Piyada yerindəcə dünyasını dəyişib. Əraziyə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunublar. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar. 

Məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, hadisə ötən gün baş verib: 

"Sözügedən hadisə aprel ayının 25-də 9:30-da Bakı-Şamaxı-Yevlax yolunun 14-cü km-də baş verib. "Mitsubishi Canter" markalı 01-CK-836 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü piyada zolağında yolu keçən 1938-ci il təvəllüdlü Mehman Yadırlı oğlu Cəfərovu vurub. Mehman Cəfərov hadisə yerində dünyasını dəyişib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır". 

E.Hacıyev sonda sürücülərə müraciət edib: 

"Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, bəzi sürücülər qaydalara qeyri-ciddi yanaşırlar. Sonda da bu kimi arzuolunmaz hadisələr baş verir. BDYPİ tərəfindən bu istiqamətdə tədbirlər keçirilir. Sürücü və piyadalarla maarifləndirici söhbətlər aparılır. Lakin bəzi sürücülər qaydalara, təəssüflər olsun ki, qeyri-ciddi yanaşır". 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə barədə çağırış daxil olub: 

"25.04.2024-cü il tarixində saat 10 radələrində Bakı-Şamaxı yolunda piyadavurma ilə nəticələnən qəza ilə əlaqədar təxminən 65-75 yaşlarında (kişi cinsli) şəxs üçün çağırış daxil olub. Şəxsin həkiməqədər ölümü qeydə alınıb. 

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları olublar, meyit ərazidən uzaqlaşdırılması üçün təhvil verilib. 

Qeyd edirik ki, meyit daşınması təcili tibbi yardım avtomobillərinin fəaliyyət profilinə aid deyil". 

Sözügedən görüntüləri təqdim edirik: 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun