Leyla Əliyeva: "Ərazi bütövlüyümüz bərpa olunanadək Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün işlərimizi davam etdirəcəyik"
22 May 2010 19:29
Bu gün - mayın 22-də Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının II konfransı keçirilmişdir.
Konfransda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva da iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Moskvada Beynəlxalq Biznes mərkəzinin foyesində Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı sərgiyə baxmışlar. Ölkəmiz haqqında bir-birindən maraqlı kitablar, milli musiqi alətlərimiz, Azərbaycan xalçaları böyük maraqla qarşılanmışdır.
Konfrans Azərbaycanın və Rusiyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanmışdır.
Sonra Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının birillik fəaliyyətinə həsr edilmiş film nümayiş olunmuşdur.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı 2009-cu il aprelin 18-də təsis edilmişdir. Təşkilatın əsas məqsədi Azərbaycanın milli-mədəni dəyərlərinin qorunması, azərbaycanlı gənclərin sosial, yaradıcı, maarifləndirici təşəbbüslərinin dəstəklənməsi, habelə onların mənəvi və fiziki inkişafına yardım etməkdir.
Təşkilat, həmçinin ailə və cəmiyyətin əxlaqi, mənəvi təməllərinin qorunması və möhkəmləndirilməsi, xalqlar arasında dostluq, etimad və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi kimi mühüm məsələlərin həllində də böyük işlər görür.
Qonaqları salamlayan Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva təşkilatın birillik fəaliyyəti dövründə həyata keçirdiyi mühüm işlər barədə məlumat vermişdir.
Leyla Əliyeva qeyd etmişdir ki, təşkilat Bakı və Moskva ilə yanaşı, Rusiyanın Sankt-Peterburq, Tver, İvanovo, Smolensk, Yekaterinburq, Murmansk şəhərlərində də bir sıra tədbirlər keçirmişdir.
"Fəaliyyətimizin ilk günlərindən işimizi elə qurmuşuq ki, bir çox sahələri əhatə edək", - deyən Leyla Əliyeva bildirmişdir ki, Heydər Əliyev Fondu ilə birgə "Xocalıya ədalət" kampaniyası reallaşdırılmışdır. Bu kampaniya çərçivəsində dünyanın 70 ölkəsində tədbirlər keçirilmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan Leyla Əliyeva demişdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunanadək təşkilat ölkəmizin haqq səsinin dünyaya çatdırılması istiqamətində işləri davam etdirəcəkdir.
Leyla Əliyeva bildirmişdir ki, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı humanitar və sosial sahələrdə əhəmiyyətli layihələr həyata keçirmişdir. Rusiyanın bir sıra şəhərlərində Azərbaycan mədəniyyət günləri , "Qanın milliyyəti olmur" adlı qanvermə aksiyası və Arxangelsk şəhərində tütün və alkoqolun insan orqanizminə vurduğu ziyanla bağlı aksiya təşkil edilmiş, yüzlərlə azərbaycanlı təşkilatın köməyi ilə Moskvada müayinə və müalicə olunmuşdur. Bundan əlavə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş mini-futbol turniri keçirilmişdir.
Təşkilatın saytının fəaliyyətə başladığını bildirən Leyla Əliyeva qurumun jurnalının da işıq üzü gördüyünü demişdir.
Leyla Əliyeva konfransın keçirilməsində əməyi olanlara təşəkkürünü bildirmişdir.
Azərbaycanda gənclərə göstərilən xüsusi diqqət və qayğıdan danışan ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd etmişdir ki, bu cür tədbirlər böyük əhəmiyyətə malikdir. Səfir bildirmişdir ki, bu təşkilata məhz Leyla Əliyevanın rəhbərlik etməsi təqdirəlayiqdir.
Gənclər və idman naziri Azad Rəhimov demişdir ki, konfransın keçirilməsi Azərbaycan gəncliyinin yüksək intellektual potensiala malik olmaqla inkişaf etdiyini göstərir.
Rusiyanın idman, turizm və gənclər siyasəti nazirinin müavini İqor Melniçenko da təşkilatın gördüyü işləri yüksək qiymətləndirmiş, tədbirin əhəmiyyətini vurğulamışdır. Qeyd etmişdir ki, təşkilat Rusiya cəmiyyətində də böyük nüfuza malikdir.
Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Elnur Aslanov, Ümumrusiya Azərbaycanlılar Konqresinin prezidenti Məmməd Əliyev və digər çıxış edənlər Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının bir il ərzində gördüyü işləri yüksək qiymətləndirmişlər.
Vurğulanmışdır ki, təşkilat Azərbaycan-Rusiya əlaqələri, o cümlədən gənclər arasında olan münasibətlərə töhfələr verir.
Konfrans işini seksiyalar üzrə davam etdirmişdir.
/AzərTAc/