Bakıda Avstriyanın səfirliyi açılacaq

22 May 2010 15:07
Avstriyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Ziqlinde Şpanland bildirib ki, diplomatik nümayəndəliyinin açılışında ölkəsindən böyük nümayəndə heyəti iştirak edəcək. Bu heyətə Avstriyanın Avropa və beynəlxalq işlər üzrə federal naziri Mixael Şpindeleqqer, iqtisadiyyat və əmək naziri Raynhold Mitterlener də daxildir. Səfər çərçivəsində nümayəndə heyətinin bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Cari ildə ölkəsinin səfirliyini açacağı yeganə dövlət Azərbaycan olacağını vurğulayan Z.Şpanland deyib ki, hazırda Azərbaycanda Avstriyanın 30-dək şirkəti fəaliyyət göstərir: "Bu, Avstriyanın Azərbaycana gündən-günə artan marağının təzahürüdür. Maliyyə böhranı ilə əlaqədar, bu il Avstriya bir neçə ölkədə səfirliyinin fəaliyyətini dayandırıb. Amma biz Azərbaycanda səfirliyimizin fəaliyyət göstərməsini vacib sayırıq".

/AzərTAc/