Yeni Kaledoniya: Konstitusiya islahatı Numey və Paris arasında gərginliyi artırır

3 Aprel 2024 14:02

Aprelin 2-də Fransa Senatı Yeni Kaledoniyada əyalət seçkiləri üçün seçki orqanını genişləndirmək məqsədilə həssas məsələ olan konstitusiya dəyişikliyini təsdiqləyib. Yeni Kaledoniyanın müstəqil hərəkatlarının nümayəndələrinin fikrincə, bu addım yanlış idarəçilik və repressiya səbəbindən dərin iqtisadi böhranın hökm sürdüyü arxipelaqda loyallarla müstəqillik tərəfdarı qüvvələri arasında gərginliyi artırır.

"Dövlət artıq tərəfsiz deyil, çünki o, üçüncü referendumdan sonra müəyyən mövqe tutub və konsensus yolunu seçməyib. Amma burada hər şey hər zaman konsensus və dialoq əsasında həyata keçirilib", - Kaledoniya İttifaqının (UC) Baş katibi Dominik Foşi bildirib.

Bundan başqa, D.Foşi yerli konsensus olmadan, kaledoniyalıların fikirləri nəzərə alınmadan dövlətin "güc yolu ilə keçidi"ni pisləyib: "Əlbəttə ki, biz Numey razılaşmasını kənara atmamalıyıq. Amma biz son qərarla razı deyilik və səsimiz eşidilənə qədər bu haqda danışacağıq".

Yeri gəlmişkən, Yeni Kaledoniyanın "La Voix du Caillou" qəzetinin məlumatına görə, müstəqillik tərəfdarları əhalinin necə yaşamaq istədiyini və nəyə can atdığını əks etdirməyən yeni düzəlişdən qəzəbləniblər.

"Seçki orqanının artırılması daha bir yaşayış yerinin yaradılması, kanakların və burada yaşayan digər insanların, məsələn, tarixin qurbanı olan insanların nəzərə alınmaması deməkdir", - Anri Vedo izah edib.

O, Fransa dövlətinin bu ədalətsiz yanaşmasını pisləyib: "Əslində, Fransa müqavilələrə, məsələn, Numey, Matinon-Udino kimi razılaşmalara tüpürür. Bu isə Yeni Kaledoniyada yaşayan insanların qəlbini yaralayır".

Bu arada, Fransa Senatında keçirilən səsvermə hakim partiya və sağ qanad tərəfindən müsbət qarşılansa da, Fransa Sosialist Partiyası dövlətin Yeni Kaledoniya ilə münasibətinin təhlükəli həddə çatdığını bəyan edərək, buna qarşı çıxıb.

"Hökumət güc yolu ilə hərəkət etməyi seçib. Bununla o, öz seçimlərində rəhbər tutmalı olduğu qərəzsizlik prinsipinə qayıtmaqdan imtina edib", - senator Korin Narassiquen (Sosialist Partiyası) vurğulayıb.

O qeyd edib ki, konstitusiyaya yalnız Yeni Kaledoniyanın institusional gələcəyinə dair hərtərəfli yerli saziş imzalandıqdan sonra yenidən baxılmalıdır ki, bütün arxipelaqı alova qərq edəcək qığılcım yaranmasın.

Xatırladaq ki, 1998-ci ildə imzalanmış Numey razılaşmasına əsasən, Yeni Kaledoniya müstəqillik əldə etmək üçün üç referendum keçirməlidir. 2021-ci il dekabrın 12-də kaledoniyalılar Fransadan ayrılmaq üçün üçüncü, yəni sonuncu referendumu keçiriblər. O vaxt yerli əhali müstəqilliyin lehinə səs verib. Lakin Fransa faktiki olaraq bu üç referendumun nəticələrini tanımayıb.

Bütün bunlara baxmayaraq, Yeni Kaledoniya müstəqillik yolunda yeni müttəfiqlər qazanıb. Buna misal kimi dənizaşırı ərazilərin müstəqilliyi uğrunda hərəkatın tərəfdarlarından biri olan, neokolonializmlə mübarizə məqsədilə yaradılmış Bakı Təşəbbüs Qrupunu göstərmək olar. Belə ki, bu qrup bir sıra digər ərazilər kimi arxipelaqın vətəndaşlarını da lazımi vasitələrlə təmin edir.

Bu məqamda qeyd edək ki, ötən il oktyabrın 20-də Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda bir sıra ölkələrin, həmçinin Fransanın dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinik və Qvadelupa), eləcə də Korsikanın nümayəndələri iştirak ediblər.

Fransa hökuməti və KİV-lərinin təzyiqlərinə baxmayaraq, Bakı Təşəbbüs Qrupunun direktoru Abbas Abbasov konfransın Fransaya qarşı yönəlmədiyini bəyan edib. "Beynəlxalq hüququn prinsiplərinə əməl edilməsi məsələsində Azərbaycan nümunəvi ölkədir. Biz Bakı Təşəbbüs Qrupu olaraq məhz bu çərçivədə fəaliyyət göstəririk və bu təşəbbüs heç kimə qarşı yönəlməyib".

Hər halda, son islahatın qəbulu Paris ilə bu dənizaşırı ölkə arasında qarşıdurmada yeni mərhələnin açılmasına səbəb olur. Belə ki, bu zaman Yeni Kaledoniya əhalisi Fransa dövlətinin təzyiqinə məruz qalacaq. Kaledoniyalılar hesab edirlər ki, Fransanın mərkəzi hökuməti onların iradəsindən yan keçməyin yollarını və əks fikirlərin qarşısını almaq üçün texniki imkanlar axtarır.

Yeni Kaledoniya Parlamentinin Ailə və Qadın Məsələləri Komissiyasının vitse-prezidenti Mari-Lin Sakiliyanın sözlərinə görə, nazirlər - Sebastyan Lekornu və Jerald Darmanan Yeni Kaledoniya xalqının 2021-ci ildə etdiyi seçimə cavab olaraq, arxipelaqın institusional gələcəyi ilə bağlı müzakirə açmağa qərar verdilər: "Belə ki, onlar müzakirələrin formatını dəyişdirib və ikinci qanunvericilik referendumunun ertəsi günü İmzaçılar Komitəsini qapalı dialoqla əvəz edib".

Beləliklə, Fransa Senatında keçirilən səsvermə son dərəcə gərgin vəziyyət yaradaraq, ada sakinləri ilə mərkəzi hökumət arasında ciddi fikir ayrılıqlarını vurğulayır.

"Bu gün kanak xalqına qarşı təhdidin olduğunu söyləyə bilərik", - Yeni Kaledoniyanın müstəqilliyinin tərəfdarı olan partiyanın üzvü Qenri Jüni vurğulayıb. Onun sözlərinə görə, kanakların hüquqlarının azaldılacağı ilə bağlı narahatlıqlar var.

REPORT