Azərbaycanlılara qarşı soyqırımından 106 il ötür

31 Mart 2024 00:02

Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanıb. Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi yazılan həmin hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib.

Yüz dörd il əvvəl erməni daşnakları və bolşeviklər Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı ağılasığmaz vəhşiliklər törədərək 70 mindən çox günahsız insanı, o cümlədən qadınları, uşaqları, yaşlıları xüsusi qəddarlıqla qətlə yetirib, kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar. Erməni silahlı dəstələri Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kəndi yerlə yeksan ediblər. Andranikin quldur dəstələrinin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə öldürülüb, yaxud öz dədə-baba torpaqlarından qovulub. Bir çox milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və digər abidələr dağıdılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradıldı. Komissiya ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum təsis edildi. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu. Bununla da azərbaycanlılara qarşı yürüdülən soyqırımı və torpaqlarımızın bir əsrdən artıq davam edən işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərildi. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu.

Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpərdən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Məsələn, Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayına gəlincə, bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb.

Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları - S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında isə 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 167 kənd dağıdılmışdı. Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair bir sıra yeni faktlar üzə çıxıb. Bu faktların biri də 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsidir. Amazaspın rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubada türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar törətmişlər. Aparılan tədqiqatlar nəticəsində 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 min nəfərə qədər yəhudinin qətlə yetirildiyi məlum olub.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti müasir dövrümüzdə də davam etdirilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində daha bir dəhşətli soyqırımı törədilib. Gecə vaxtı şəhərə xain hücum nəticəsində 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb.

Mart soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atıb. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Bununla yanaşı, Heydər Əliyevin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 1997-ci il 18 dekabr tarixli Fərmanı da Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.

Azərbaycanlılara qarşı törədilən bu bəşəri cinayət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ildə - soyqırımın 100 illiyi ərəfəsində Sərəncam imzalayıb. Bu məqsədlə xüsusi tədbirlər planı hazırlanaraq həyata keçirilib.

Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur ermənilərin "böyük Ermənistan" xülyası çərçivəsində törətdikləri vəhşiliklərin, şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

Milli.Az