İran prezidenti Gürcüstana səfər edə bilər

22 May 2010 10:49
Milli.Az xəbər portalı RİA "Novosti"yə istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Ramin Mehmanpərəst ölkə prezidenti Mahmud Əhmədinejatın Gürcüstana mümkün səfərini istisna etməyib. O, bunu Tbilisiyə iranlı jurnalistlərin nümayəndə heyəti ilə birgə səfəri zamanı deyib. Ramin Mehmanpərəst bildirib ki, İranla Gürcüstan arasında yaxşı əlaqələr var: "Bizim siyasi məsələlərlə bağlı yaxşı münasibətlərimiz var. Lakin hesab edirik ki, iqtisadi məsələlərdə, xüsusilə, enerji sektoru və kənd təsərrüfatı sahələrində əməkdaşlığı dərinləşdirməliyik".

İran mənbələrinin məlumatına görə, Gürcüstan prezidenti Mixail Saakaşvili mayın 14-də İranın Tbilisidəki səfiri Məcid Sabirin etimadnaməsini qəbul edərkən iranlı həmkarını Gürcüstana dəvət edib.

İranın xarici işlər naziri Manuçehr Mottakinin iyunda Gürcüstana səfər edəcəyi gözlənilir. Ramin Mehmanpərəstin sözlərinə görə, iranlı nazirin sfərindən sonra Gürcüstan-İran hökumətlərarası komissiyasının iclasının keçirilməsi planlaşdırılır.

Gürcüstan XİN və Prezident Administrasiyası İran prezidentinin səfəri ilə bağlı məsələni hələlik şərh etməyib.

İranın Gürcüstandakı səfiri Məcid Sabir isə ötən gün jurnalistlərə bildirib ki, dövlətlər arasında enerji sektorunda əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensial mövcuddur. Onun sözlərinə görə, İran Gürcüstanda su elektrik stansiyası tikməyi planlaşdırır.

Bu arada isə Gürcüstanda nəşr olunan "Rezonansi" qəzeti Mühafizəkar partiyanın lideri, Tbilisi meri vəzifəsinə namizəd Zviad Dzidziquriyə istinadən yazıb ki, Gürcüstan Müdafiə Nazirliyi bir neçə il əvvəl Ukraynadan alınmış döyüş raketlərini İrana satıb.

Rəsmi Tblisi bu məlumata münasibət bildirməyib.

Milli.Az