“Novruz bayramının bəzi adətləri farslardan keçib, Türklərdə belə təlxəklik olmayıb”

22 Mart 2024 20:15

"Əgər Novruzda insanlar xeyirxah işlər görürlərsə, bu elə İslamın əmrinə uyğun gəlir. Ancaq bu bayramın bəzi detalları dinə və qanuna müxalifdir. Onları çıxarsaq, qeyd etməkdə problem yoxdur. Qapı pusmaq casusluqdur, bu da Quranda yasaqdır. Qanunla da qadağandır. Kiminsə qızını, arvadını pusmaq əxlaqa da uyğun deyil. Yaxud örfdə qeyrət rəmzi sayılan papağı ayaq altına atıb bir növü dilənmək - bu da düzgün deyil". 

Bunu demokrat.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib. Onun sözlərinə  görə, Novruz bayramının bəzi adətləri farslardan keçib: 

"Hətta kosa və keçəl şəbehi də onlardan keçib. Türklərdə belə təlxəklik olmayıb. Farslar belə şeylərə meyillidirlər. Sonradan qədim türk bayramına bəzi detallar artırıblar. Od qalamaq da yaz gəldiyi üçün həyət-bacadan xəzəl, yarpaq, qışdan qalan qurumuş ağacları yandırıb təmizlik işi aparmaqdır ki, bu da İslamda əmr olunur. Lakin oda pərəstiş məqsədi ilə bunu etmək olmaz. Bəziləri inanır ki, guya oddan hoppananda günahlar bağışlanır. Hər il neçə nəfər ocağa yıxılıb xəsarət alır. Bu, düzgün deyil".

Ekspert qeyd edib ki, əslində İslam dinində iki rəsmi bayramı var - Qurban və Ramazan baramları, lakin Allaha qarşı olmayan, dinə xələl gətirməyən milli bayramlar da yasaq deyil: 

"Novruza əslində qədim türk bayramı deyənlər də var. Əsas olan bayramın mahiyyətidir. Yəni bayramın mahiyyəti humanist xarakter daşıyır, sosial əhəmiyyəti varsa, Allaha da qarşı deyilsə, bunu qeyd etməkdə problem yoxdur. Rəvayətlərə görə Peyğəmbər Mədinəyə hicrət edəndə orada Mehrican və Novruz qeyd edilirdi. O bu bayramlar haqqında maraqlanıb və qadağan etməyib. Sadəcə əsas diqqəti Ramazan və Qurban bayramına çəkib.

Əgər bu bayramda xeyriyyə işləri görülür, insanlar ziyarət olunursa, kasıblara yardım edilirsə, burada günah bir iş yoxdur. Abbasilər dövründə də bu bayram qeyd olunub, Əhli-Beytin pak İmamları da qırmızı geyinib iştirak ediblər, xalqa namaz qıldırıb Allaha dua ediblər. Lakin atəş və digər qeyd etdiyim xüsuslar olmayıb.

Həzrət Əlinin bu sözü bu mövzudakı tərəddüdləri nöqtələyir. O buyurur ki, Allaha qarşı çıxmadığımız, (xeyirli işlər gördüyümüz) hər gün bizim üçün bayramdır. Savab işlər görülən, günah, şirk edilməyən hər gün müsəlman üçün bayram sayıla bilər. Bəzi rəvayətlərə görə Həzrət Əlinin xilafət məqamına seçildiyi gün də bu günə təsadüf edib. Ona görə Əhli-Beyt tərəfdarı olan müsəlmanlar arasında bu bayram daha təmtəraqlı keçirilir".

Milli.Az