Çox təhlükəli qrip virusu gəlir
7 İyun 2012 15:43
Bu ştammlar uşaqlar və qocalar üçün daha böyük təhdid kəsb edir.
Milli.Az "Taranaki Daily News"a istinadən bildirir ki, əsasən, yaşlı adamları "hədəf"ə alan H3N2 virusuna yoluxma halları artıq Yeni Zelandiyada qeydə alıb. Vellinqton şəhərindəki Milli Yoluxucu Xəstəliklərə Nəzarət Qrupunun (National Influenza Specialist Group) mütəxəssisi, professor Lens Cenninqsin dediyinə görə, ölkə ən azı onlarla insanın ölümünə səbəb ola biləcək yeni qrip virusunun geniş miqyasda yayılmasına hazır olmalıdır.
Qış aylarında isə uşaqlar üçün həddindən artıq təhlükəli B tipli qrip ştammları aktivləşəcək.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələ ötən ilin oktyabrında hansı ştammların mövsümi qrip peyvəndlərinə daxil edilməsi ilə bağlı qərar qəbul edib. ÜST hesab edir ki, hələlik kütləvi peyvəndləşdirməyə başlamayaraq qışı gözləmək gərəkdir.
"Lakin qripin fəallığı qəflətən arta bilər. Orqanizmdə immunitetin formalaşması üçünsə peyvəndin vurulmasından sonra iki həftəyə qədər vaxt gərəkdir", - Cenninqs deyir.
"Xinhua" bildirir ki, qripin iki təhlükəli ştammı isə artıq yayılmağa başlayıb. Honkonqda 2 yaşlı uşaq A(H5N1) virusuna yoluxma diaqnozu ilə xəstəxanaya düşüb.
Risk qrupunda 80 nəfər var və onların ikisində respirator simptomları aşkarlanıb.
Qripin təhlükəli ştammlarının yaxın aylarda Avropa və Asiya ölkələrinə sürətlə yayılacağı gözlənilir.
Milli.Az