Milli Müdafiə Universitetinin hərbi kolleclərində orta ixtisas təhsili pilləsinə qəbul elan olundu - VİDEO

21 Mart 2024 14:39

Milli Müdafiə Universitetinin hərbi kolleclərində orta ixtisas təhsili pilləsinə 2024/2025-ci tədris ili üçün qəbul elan olunub.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qəbulla bağlı qaydaları da təqdim edib:

ÜMUMİ MÜDDƏALAR:

Tədris dili: Azərbaycan dili

Təhsil forması: əyani

Təhsil müddəti: 2 il
Cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular (zabit və gizir (miçman) hərbi rütbəsi olanlar istisna olmaqla) və hərbi vəzifəlilər qəbul edilirlər.
Hərbi kolleclərə orta ixtisas təhsili pilləsinə qəbul olan şəxslər təhsil müddətində bütün təminat növləri ilə təmin olunurlar.
Hərbi kolleclərin məzunlarına hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə subbakalavr peşə-ixtisas dərəcəsi də verilir.

SƏNƏDLƏRİN QƏBULU:

Hərbi kolleclərə qəbul olmaq istəyən namizədlər 1 aprel 2024-cü il tarixindən 30 aprel 2024-cü il tarixinədək ərizə ilə müraciət etməlidirlər.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
- abituriyentin təsdiq olunmuş elektron ərizəsindən çıxarış;
- anket forması (yerində doldurulur);
- tam orta təhsil haqqında sənədin surəti (cari ilin məzunları üçün arayış);
- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surəti;
- yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış;
- nikah haqqında şəhadətnamənin surəti (evli olduqda);
- uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq olduqda);
- ailə tərkibi və yaşayış yeri haqqında arayış;
- rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3x4 sm və 2 ədəd 4.5x6 sm ölçüdə);
- 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının razılıq ərizələri;
- elektrokardioqramma;
- qanın ümumi analizi, qan qrupu və rezus-faktor;
- qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri;
- qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri;
- sidiyin ümumi analizi;
- psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilir.

HƏRBİ KOLLECLƏRƏ QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA KEÇİRİLİR:

Namizədlər hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmək üçün tarix və ünvan namizədlərə əlavə olaraq bildiriləcək.

Götürülməmiş intizam cəzası olan (yalnız hərbi qulluqçular), məhkumluğu ödənilməmiş və ya üzərindən götürülməmiş, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş, hərbi təhsil müəssisələrindən xaric edilən, hərbi həkim komissiyası tərəfindən hərbi kollecdə təhsil almağa yararsız hesab olunan və öyrənilmə tədbirləri keçirilən zaman hərbi kolleclərə qəbula mane olan digər hallar müəyyən edilən şəxslər hərbi kolleclərdə təhsil almaq üçün namizədlər siyahısına daxil edilmirlər.

Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.

Namizədlərin hərbi kolleclərə qəbulu müvafiq tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlərin buraxılış imtahanında, digər abituriyentlərin isə müvafiq tədris ilində keçirilən qəbul imtahanında əldə etdikləri nəticələrə əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.

Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunur.

Sənəd qəbulu üzrə regional məntəqələrin siyahısı və ünvanları barədə məlumat 30 mart tarixinədək Milli Müdafiə Universitetinin internet saytında (qəbul qaydaları) dərc olunacaqdır.

Ətraflı məlumat üçün əlaqə nömrəsi : *0811 (həftənin iş günləri, saat 09:00-dan 18:00-dək).

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun