BMT-də Novruz şənliyində Azərbaycan mədəniyyəti, tarixi, təamları nümayiş olundu - FOTO

21 Mart 2024 11:32

Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı qərargah binasında 12 ölkənin - Azərbaycan, Əfqanıstan, İraq, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Hindistan, Tacikistan, Türkiyə və Türkmənistan və İranın BMT yanında daimi nümayəndəliklərinin birgə təşəbbüsü və təşkilatçığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, tədbirdə BMT-nin Baş katibi Antoniu Quterreş iştirakçılara təbrikini çatdırıb. Baş katib milyonlarla insanı, nəsilləri və millətləri birləşdirən Novruzun yeni ilin başlanğıcının, yazın gəlişinin və təbiətin dirçəlişinin bayramı olduğunu deyib və bu çətin dövrlərdə Novruzun dialoqu, mehriban qonşuluğu və barışığı təşviq etdiyini diqqətə çatıdırıb. Quttereş Novruz bayramını qeyd edən bütün millətlərin nümayəndələrinə təbriklərini göndərib.

BMT-nin Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransis çıxışında uzun illərdir keçirilən Novruz bayramının dünyada yaşayan üç yüz milyon insan tərəfindən təntənəli şəkildə qeyd olunmasının xalqların həmrəyliyinin təşviqinə xidmət etdiyini bildirib.

Daha sonra 12 ölkənin BMT-dəki daimi nümayəndəliklərinin təmsilçilərinin çıxışları dinlənilib.

Tədbirdə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini Tofiq Musayev iştirakçılara Novruz bayramı münasibətilə səmimi təbriklərini və xoş arzularımızı çatdırıb.

Diplomat bildirib ki, Azərbaycan BMT Baş Assembleyasında 2010-cu ilin fevralı 23-də yekdilliklə qəbul olunan 21 mart tarixini "Beynəlxalq Novruz Günü" kimi tanıyan və bayramların əhəmiyyətinin dünya ictimaiyyətinə çatdırılmasına böyük töhfə verən 64/253 saylı qətnamənin təşəbbüskarı və əsas müəllifi olmaqdan qürur duyur.

T.Musayev əlavə edib ki, parçalanmalar, inamsızlıq və nifrətin vüsət aldığı bugünkü dünyamız sülh və yenilənmə mesajına hər zamankindən daha çox ehtiyac duyur. Diplomat çıxışında Novruz bayramının əhəmiyyətini, mədəni irsin tərkib hissəsi kimi qarşılıqlı hörmət, anlaşma və sülh idealları əsasında xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi üçün vacib rol oynadığını, mədəni və qədim adət-ənənələri əks etdirdiyini, beynəlxalq əməkdaşlığın inkişafına töhfə verdiyini və mədəniyyətlərarası dialoqu təşviq etdiyini vurğulayıb: "Hər ölkədə Novruz bir qədər fərqli şəkildə qeyd olunsa da, birləşdirici xüsusiyyətləri var ki, bu da onu bütövlükdə dünya üçün mükəmməl, rəngarəng və çoxşaxəli, ümumi məqsəd və istəklərlə bir araya gətirən mükəmməl metafora edir".

Tədbirdə 12 müxtəlif ölkədə Novruz bayramının atributlarını, adət və ənənələrini özündə əks etdirən videoçarx nümayiş etdirilib. Görüntülərdə Azərbaycanın zəngin mədəniyyəti, tarixi, Bakının gözəllikləri, Novruz adət-ənənələri və milli təamları nümayiş olunub. Tədbirdə həmçinin qonaqlara Novruz atributlarının yer aldığı nəhəng xonça təqdim olunub. Xonçada Azərbaycanın hazırladığı rəngarəng güşə qonaqlar tərəfindən maraqla qarşılanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun