Martın 16-da Tokiodakı Root K Contemporary-də Azərbaycanın Yaponiyadakı səfirliyinin dəstəyi ilə KamART İncəsənət Qalereyasının 15 gənc müəllifinin "Azərbaycan mətbəxi" adlı sərgisinin açılışı olub.
Açılışda Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə çıxış edib. Açılış mərasimdə Yaponiyanın tanınmış mədəniyyət xadimləri Maiko Kikuçi, Matsui Kumiko, Yuko Taniquçi, Katsuyoşi Tanaka, İçiko Kameyama, Qazaxıstanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Sabr Yesimbekov, Tacikistan Respublikasının Yaponiyadakı səfirliyinin attaşesi Salohiddin İbodov və diplomatik korpusun digər nümayəndələri iştirak ediblər.
Sərgidə gənc istedadlı rəssamların 32 kətan rəsm əsəri nümayiş etdirilib. Bir çox sərgi iştirakçıları milli və beynəlxalq incəsənət müsabiqələrinin qalibləri və mükafatçılarıdır. Sərginin məqsədi diqqəti Azərbaycanın mədəni irsinə və kulinariya ənənələrinə cəlb etmək və istedadlı gənc rəssamlara dəstək olmaqdır.
Sərgi dünyanın ən maraqlı orijinal kulinariya ənənələrindən biri olan, çoxəsrlik ənənələrə əsaslanan və orijinal yeməkləri ilə məşhur olan Azərbaycan mətbəxi haqqında rəngarəng mənzərə və ümumi təsəvvür yaratdı. Gənc istedadların rəngarəng kompozisiyaları Azərbaycan mətbəxinin nadir təamları kimi ən incə qurmanlar arasında sərgiyə gələnlərin böyük marağına səbəb olub. Ənənəvi yeməklərə - Azərbaycanın kulinariya qüruru və irsinə həsr olunmuş rəsmlər qonaqlarda böyük təəssürat yaradıb.
Milli.Az