Sabirabadda sutəmizləyici qurğu istifadəyə verilib
21 May 2010 20:20
Bu barədə Milli.Az xəbər portalına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
Məlumata görə, Kür çayının daşması ilə əlaqədar Sabiradabad rayonu əhalisinin içməli su təminatında yaranmış problemlər "Azərsu" Səhmdar Cəmiyyəti tərəfindən tədricən aradan qaldırılır. Eyni zamanda hazırkı şəraitdə Sabirabad rayon əhalsinin içməli suya olan təlabatı "Azərsu" ASC tərəfindən tam aradan qaldırılana qədər əhalinin alternativ mənbədən təmiz içməli su ilə təmin edilməsi məqsədilə ETSN tərəfindən qısa müddət ərzində İsrail istehsalı olan su təmizləyici qurğu gətirilərək rayon mərkəzində quraşdırılb və istifadəyə verilib.
"Bu gün Sabirabad rayonunun mərkəzində quraşdırılmış, sutka ərzində təmizləmə gücü 60 ton olan modul tipli sutəmizləyici qurğuya Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov baxış keçirib. Baxış zamanı qurğunun effektiv işlədiyi müəyyən edilib. Hazırda istifadəyə verilmiş su təmizləyici qurğu fasiləsiz olaraq fəaliyyət göstərir" - deyə mətbuat katibi bildirib.
Nazirlik təmsilçisinin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su çənlərə yığılır və əhalinin istifadəsinə verilir. Eyni zamanda içməli su uşaq bağçalarına, məktəblərə, düşərgələrə maşınlarla daşınır. Yaxın 1-2 gün ərzində içməli suya tələbatın olduğu müəyyən edilsə, ETSN tərəfindən əlavə qurğular quraşdırılacaq. Təmizlənən suyun həcmi sutkada 500 tona çatdırılacaq.
Milli.Az