Orucla bağlı ən çox soruşulan suallar

15 Mart 2024 01:00

Göz damcısı orucu pozurmu?

Göz damcısı orucu pozmaz. Çünki, gözə damladılmış maye, 1 ml-in 20/1-i olduğuna, yəni - çox az olduğuna görə və göz qapaqlarının tərpədilməsi ilə bir qisminin çölə ifraz edilməsi, bir qisminin isə göz-burun boşluğu kanalında somurulmasına görə, yemə-içmə mahiyyətli qidalandırıcı sayılmaz.

Ağız spreyindən istifadə etmək orucu pozurmu?

Ağız və burundan daxil olan və mədəyə çatan hər bir qidalandırıcı şey, orucu pozur. Lakin, diş ağrısı və ya ağız qoxusu üçün istifadə olunan spreylər, mədəyə getmədiyinə və qidalandırıcı olmadıqlarına görə, orucu pozmaz

Dişləri fırçalamaq orucu pozurmu?

Dişləri fırçalamaq üçün məcundan istifadə etmək, orucu pozmaz. Lakin, su və ya məcunun boğaza getməməsinə mütləq şəkildə çalışmaq lazımdır. Bu səbəblə də, bunu, ehtiyat baxımından oruc saatları başlamadan və ya orucu açdıqdan sonra etmək daha yaxşıdır.

İynə vurulması orucu pozurmu?

Dinimiz xəstələrin oruc tutmamasına icazə vermişdir. Lakin, orucun tibbi olaraq zərər verməyəcəyi xəstələrə iynə vurulması mövzusunu iki hissəyə ayıra bilərik:

Vitaminli və qidalandırıcı olmayan iynələr, orucu pozmur.
Vitaminli, qidalandırıcı iynələr və həmçinin xəstəyə qan vurulması, orucu pozur.
Hər bir halda, iynə vurulmasını iftardan sonraya və ya sahur vaxtına təyin etmək, ehtiyat baxımından daha əlverişlidir. Başda qeyd etdiyimiz kimi, xəstələrin -sonra qəza etməklə- oruc tutmamalarına icazə vardır.

Qusmaq orucu pozurmu?

Miqdarından asılı olmayaraq qeyri-ixtiyari qusmaq orucu pozmur. Lakin, insanın özünü ağız dolusu qusdurması, orucu pozur və qəzanı vacib edir.

Burun üçün istifadə olunan damcılar orucu pozurmu?

Müalicə üçün istifadə olunan burun damcılarının 1 damlası, təqribən 0,06 cm3-dur. Bu çox az miqdarda olan mayenin əksər hissəsi burun çəpərlərində somurulur və geri qalan az hissəsi mədəyə çatır. Ağzı su ilə çalxaladıqda, ağızda qalan az miqdarda suda olduğu kimi, təqribən eyni miqdarda olan qeyd etdiyimiz maye də qidalandırıcı sayılmaz və orucu pozmaz.

Bəlğəmi udmaq orucu pozurmu?

Əgər bəlğəm ağıza gəlmədən udularsa, orucu pozmaz. Lakin, əgər ağıza gələrsə, ən doğrusu onu geri udmamaqdır. İstənmədən udulduqda isə, oruca zərər verməz.

Çimmək orucu pozurmu?

Ağız və burundan su mədəyə getmədiyi təqdirdə, çimmək orucu pozmaz. Peyğəmbərimiz (ona salam olsun) oruclu ikən bəzən çimərdi (Buxari). Suya baş vurmağa gəlincə, onun da hökmü eynidir. Lakin, dənizdə çimmək və suya baş vurmaq əsnasında, xüsusən də dalğaların təsiri ilə su udulması ehtimalı böyükdür. Bu səbəblə, oruclu insanın bunu etməməsi daha doğrudur.

Bədəndən qan ifraz olunduqda (və ya qan analizi zamanı) oruc pozulurmu?

Qan analizi və ya ümumiyyətlə qan aldırmaq, orucu pozmaz. Lakin, oruc tutanın fiziki olaraq qüvvətli olmasını əngəlləyəcək bu kimi şeyləri, oruclu olmadığı saatlara saxlamaq daha yaxşıdır.

Ətirlənmək orucu pozurmu?

Ətir qoxusu bədəni qidalandıracaq heç bir mahiyyət daşımadığına görə, orucu pozmur

Müalicə üçün şam qoymaq orucu pozurmu?

Həkim və terapevtlərin, əsasən mədə-bağırsaq problemlərinin müalicəsi üçün tövsiyə etdikləri şam - orucu pozmur. Çünki bu, bədəni qidalandırmır. Bədəni qidalandırdığı təqdirdə, orucu pozmuş sayıla bilər.

Makiyaj və saça rəng qoyulması orucu pozurmu?

Bunların heç biri, bədəni qidalandıracaq mahiyyət daşımadığına görə, orucu pozmur. Bura gigiyenik dodaq vasitələri də aiddir.

Qüslsuz halda imsak/sahur etmək olarmı?

Qüslsuz halda sahur edərək oruca başlamamaq daha məsləhətli və daha doğrudur. Lakin, qüslsuz halda sahur etmiş insanın orucu keçərlidir. İlk fürsətdə qüsl alması mütləqdir.

Yuxuda ikən pollusiya halı orucu pozurmu?

Yuxuda ikən qeyri-ixtiyari olaraq qüslun pozulması halı, orucu pozmaz. Qüslsuz halda sahura oyanmaq da orucu pozmaz. Lakin, ilk fürsətdə qüsl almaq, qüslsuz çox qalmamaq lazımdır.

Oruclu insanın dodaq içini və ya dırnağını yeməsi orucu pozurmu?

Oruclu insanın dodağından və ya dırnağından bir hissəni yeməsi orucu pozur. Orucun hikmətlərindən biri də, insanı bu cür pis vərdişlərdən çəkindirməkdir. Ağız içindən yeyilmiş bir hissə isə, eynilə tüpürcəyi udmaq kimi (xaricdən deyil, daxildən olan bir proses olduğuna görə) orucu pozmaz. Lakin, ən doğrusu bunların hər birindən uzaq durmaqdır.

Qadınların heyz/aybaşı halı orucu pozurmu?

Oruc tutduğu halda heyz olmuş qadının orucu pozulur. Orucunu açıb, qidalana bilər. Lakin, İslami ədəb qaydalarına uyğun olaraq, insanlar içində oruclu olmadığını aşkara çıxarmaması tövsiyə olunur.

İmsakdan sonra təmizlənmiş qadın oruc tutmalıdırmı?

İmsak vaxtı tamamlandıqdan sonra təmizlənmiş qadın, oruc tutmaz, Ramazandan sonra həmin günün əvəzinə qəza edər. Sahur vaxtı çıxmamış heyzdən təmizlənmiş qadın, qüsl alıb, oruca başlaya bilər.

Unudaraq yeyən insan nə etməlidir?

Oruclu halda unudaraq yeyib içənin orucu doğrudur. Lakin yadına düşən kimi yeyib içdiyindən dərhal imtina etməlidir. Hətta ağzında olan tikəni və ya suyu geri çıxarmalıdır. Peyğəmbərimiz (ona salam olsun) buyurmuşdur: "Kim oruclu olduğunu unudaraq yeyər və ya içərsə orucunu tamamlasın. Onu Allah yedizdirib içizdirmişdir". İnsan unudaraq etdiyi işlərə görə Allah yanında günah qazanmır.

Diş müalicəsi və keyidici iynələrin istifadəsinin oruca təsiri varmı?

Diş müalicəsi və diş çıxarılması orucu pozmaz. Diş və ya damaqdan qanın ifraz olunması isə - qanın udulmadığı təqdirdə orucu pozmaz. Qan, qarışdığı tüpürcəklə eyni miqdarda və ya ondan (qarışdığı tüpürcəkdən) daha çox olarsa, orucu pozar və qəza etmək vacib olar. Az miqdarda olan qan isə, diqqətə alınmır və oruca zərər vermir. Diş keyidicisinə gəlincə, -udulmadığı təqdirdə- orucu pozmaz.

Bir adam daimi xəstəliyə tutulub və həkim ona oruc tutmağı yasaq edibsə bu adam nə etməlidir?

Bir insan, müalicəsi olmayan daimi xəstəliyə tutulubsa bu zaman o, hər günün əvəzinə bir nəfər yedizdirir. Əgər buna maddi olaraq imkanı olmazsa, Allah Bağışlayandır, Rəhmlidir.

Ramazan ayında hər gün niyyət etmək lazımdır yoxsa bir aylıq oruc niyyəti kifayətdir?

Ramazan ayında birinci gün bir dəfə niyyət etmək kifayətdir. Çünki oruc tutan hər gün axşam niyyət etməsə də, artıq onun bir ay oruc tutmaq niyyəti var idi. Amma, orucu Ramazan ayı əsnasında müəyyən səbəb üzündən kəsərsə, onda yenidən niyyət etmək lazımdır. Çünki, onun orucu səbəb üzündən kəsilmişdir və buna görə də niyyəti təzələmək lazımdır.

YEMƏYİN DADINA BAXMAQ ORUCU POZURMU?

Yeməyin dadına, onu udmadan baxmaqla oruc batil olmur. Amma bunu lazımsız yerə deyil, yalnız ehtiyac olan zaman etmək olar. Yeməyin dadına baxarkən istəmədən mədəyə bir şey gedərsə orucu batil etmir.

Ramazan ayı oruclu halda qarşı cinsə toxunmağın hökmü nədir?

Əgər kişinin qadınla (və ya əksinə) söhbətindən məqsəd, ləzzət və ya şəhvət deyilsə; Ramazan ayında oruclu halda bilmədən əli ilə qadına toxunarsa, bunun oruca təsiri yoxdur. Burada qəsd olunan, təbii ki, məhrəm/halal olan şəxslərdir.

Oruclu halda gündüz vaxtını yatmaqla keçirməyin və belə orucun hökmü nədir? Yaxud, fərz namazlarını qılmaq üçün oyanır sonra yenidən yatmağa davam edirsə onun hökmü nədir?

Bu sual iki məna daşıyır:

Birinci adam bütün gününü yatmaqla keçirir və heç oyanmır. Şəkk yoxdur ki, belə etmək günahdır və namazları vaxtından sonraya saxlamaq Allaha asilikdir. Belə adamın orucu naqis olur və onun əməli, bir şəhəri məhv edib yerində qəsr tikən adamın timsalındadır. O, Allaha tövbə etməli və qalxıb namazlarını vaxtında qılmalıdır.

Ikinci adam oyanıb fərz namazlarını vaxtında qılırsa ona günah yoxdur. Lakin o özünü çoxlu xeyirdən məhrum etmiş sayılır. Çünki oruc tutan adam namaz qılmalı, zikr, dua etməli və ya Quran oxumalıdır ki, oruc ilə bərabər müxtəlif ibadətləri cəm etsin. Əgər insan özünü oruclu halda ibadət etməyə alışdırsa bu onun üçün başqa vaxtlarda daha rahat və asan olar. Əgər o öz nəfsini tənbəlliyə, halsızlığa və rahatlığa öyrəşdirsə onda başqa əməllər və ibadətlər ona çətin gələr. Ona görə mən belə adama tövsiyə edirik ki, oruclu vaxtını yatmağa deyil, ibadətə sərf etsin. Allaha şükürlər olsun ki, O bizə günümüzdə orucun çətinliyini azaldan: kondisioner və s. - nemətlər vermişdir.

Dərini qidalandıran kremlər orucu pozurmur?

Oruclu halda ehtiyac olduqda bədəni kremləmək olar. Çünki həmin maddə dərinin üstünü nəmləndirir və bədənin içərisinə daxil olmur.

Səfərə başlamamış (yola çıxmamış) oruc tutmaq olarmı?

Səfərdə olan insanın oruc tutmayıb, sonra qəza etməsi icazəlidir. Lakin, ən doğrusu - səfər başladıqdan sonra orucu açmaqdır. Misal üçün: insan öz evindən çıxaraq yola düşürsə, ən doğrusu oruclu halda çıxmasıdır. Yaşadığı şəhəri tərk etdikdən (80-90 km məsafədə) sonra, istəyərsə orucunu aça bilər. Bir çox insan, "onsuz da səfərə çıxıram" düşüncəsi ilə, evində ikən orucunu açır ki - bu da xətadır.

Əlavə olaraq qeyd edək ki, sırf Ramazan orucundan yayınmaq üçün səfərə çıxmaq, dinimizə görə qadağandır. Sonradan qəzasını tutsa belə, həmin insan günah qazanır. Oruc tutmamaq rüxsəti/icazəsi, yuxarıda qeyd etdiyimiz kimi bir niyyət olmadan, hər hansı bir səbəbə görə səfər çıxan insan üçündür.

HAMİLƏ VƏ YA SÜD VERƏN QADIN ORUC TUTMASA OLARMI?

Əgər hamilə və ya südəmizdirən qadın uşağından ötrü qorxduğu üçün oruc tutmazsa, sonra o günlərin qəzasını tutması kifayət edər və oruc tutmadığına görə günah qazanmaz. Bəzi İslam alimlərinə (Əhməd və Şafi) görə isə, qəza etməklə bərabər, hər günün əvəzində ehtiyaclı (miskin) birisini yedirməlidir.

Milli.Az