İslamofobiyanın bu ölkələrdə vüsət alması olduqca narahatedicidir - Sədr müavini

13 Mart 2024 20:05

Hazırda Fransa və bəzi Avropa ölkələrində islamofobiyanın vüsət alması olduqca narahatedici məqamdır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

S.Heydərov bildirib ki, bu, qısa müddətdə baş verən bir hadisə deyildir. Uzun müddət müəyyən maraqlı dairələr, dövlətlər tərəfindən sistemli şəkildə alt qatlarda aparılan "işlər"in, planların nəticəsidir. Məhz buna görə bu neqativ təzahürün fəsadları ilə yanaşı, səbəbləri üzərində düşünmək lazımdır. Günümüzdə bu təhlükəli tendensiyanın getdikcə kəskinləşməsi gələcəkdə bəşəriyyəti dinlərarası münaqişə ilə üz-üzə qoya bilər. İslamofobiya tendensiyasının daha da güclənəcəyi, nəticədə dinlərin mahiyyətinin və funksiyalılığının itirilməsi, yaxud xristianofobiya ilə nəticələnəcəyi proqnozu özünü doğrultmaqdadır. Bu məqamda bəzi siyasi güclərin hansısa dini düşüncə daşıyıcılarının destruktiv, radikal hərəkətlərini ümumiləşdirib bütöv bir icmaya, bəzən dövlətə aid etməsi onların məkrli planlarının üzdə görünən hissəsidir. Belə bir halda, bəşəriyyətin təhlükəsizliyi, birliyi üçün qlobal təsisatların funksiyalarının əsasında duran konsepsiyalara yenidən baxılması, bu təsisatların ədalət prinsipinə sadiq qalmaqla gücləndirilməsinin qaçılmaz olması üzə çıxır.

"İslamofobiyanın "Fransa nümunə"sində insan hüquqlarının pozulması gözardı edilə bilməz. Yaxın Şərqdə baş verən proseslər də ciddi siqnal olmalıdır. Bu artıq lokal, etnik münaqişə xarakteri daşımır. Dünya birliyi, beynəlxalq təşkilatlar səviyyəsində buna adekvat reaksiya verməlidir. Beynəlxalq təşkilatların fəaliyyətsizliyi təəssüf doğurur. Əgər BMT səviyyəsində "İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü" elan edilibsə, ona qarşı mübarizə metodologiyası da müəyyənləşdirilməlidir. Daha çox söz formatında yox, əməli - yol xəritəsi formatında ərsəyə gətirilməlidir. Biganəlik və sadəcə sözdə qalan addımlar atmaqla bu təhlükənin qarşısını almaq qeyri-mümkündür. Bu məqamda Azərbaycanda formalaşmış strategiyaya diqqət çəkmək istərdim. Elə "Dinlərarası harmoniya" festivalında da bir daha bu platforma sərgilənmiş oldu. Azərbaycanda bütün dinlərin nümayəndələrinin bir ailə kimi yaşamalarının, dini qurumların fəaliyyətlərinə yaradılan şəraitin şahidi olduq.

Azərbaycan daim İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin təbliği istiqamətində dünyada fəal iş aparır. Cənab Prezident İlham Əliyev qeyd etdiyiniz konfransın iştirakçılarına müraciətində növbəti dəfə islamofobiya ilə bağlı narahatçılığını ifadə edərək, islamofobiyanın mahiyyəti, yaranma səbəbləri və ona qarşı mübarizənin vacibliyini gündəmə gətirdi. Bütün iştirakçılar arasında müzakirələr aparılmasına yol açan bu müraciətdə, xüsusilə çox incə və həssas məsələlərə toxunuldu. Biz islamofobiyanı əvvəllər yalnız aşağı səviyyədə müşahidə edirdiksə, cənab Prezident bu tendensiyanın artıq beynəlxalq təşkilatlar - Avropa Parlamenti, Avropa Şurası səviyyəsində təbliğ və təşviq edilməsini dilə gətirdi. Dünya ölkələrinin, xalqların istinad etdiyi, ümid bağladığı bu təşkilatlar artıq insanları sülhə birliyə aparmaqla deyil, dağıdıcılıqla məşğuldurlar. Cənab Prezidentin müraciətində göründü ki, bu proses olduqca təhlükəlidir, gecikmədən dərhal mübarizə tədbirlərinə, əməli fəaliyyətə keçməyin zamanı çatmışdır.

Amma bir reallığı da vurğulamalıyam ki, İslami baxışlardakı boşluqlar bəzi Qərb dairələrinin islamofobiyanı siyasətə çevirməyə və onun əsasında ideologiya formalaşdırılması işini daha da asanlaşdırır. Bu baxımdan İslami dəyərlərin dəyişən, (İslamda təhsil, dünyəvi təhsilə münasibət, uşaqların təhsildən uzaqlaşdırılması, qadına verilən hüquq, təqlid, təqiyyə və s.) və dəyişməz prinsiplərinin ayırd edilməsinin zamanı çatmışdır. İslamın meydana çıxdığı dövrlə müqayisədə bugünkü sosial münasibətlər də xeyli dəyişikliyə məruz qalıb. Müasir dövrün çağırışları, əksər İslam ölkələrindəki tənəzzül və durğunluq, həmçinin elmi, innovativ texnologiyaların sürətli sıçrayışı nəzərə alınmaqla din və elmin vəhdətinin, İslamın dünyəvilik prinsiplərinin islami dəyərlər əsasında aktuallaşdırılması zərurəti araşdırma mövzusu olmalıdır", - deyə sədr müavini əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun