“Qara qitə”nin Bakıdan gözləntiləri var

13 Mart 2024 16:40

Zimbabvenin hakimiyyət daiərələri ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) ölkədəki əməkdaşlarını deportasiya edib.

USAİD əməkdaşları Zimbabvedə demokratik prinsiplərə riayətin və idarəetmənin dəyərləndirilməsi ilə məşğul idilər.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Mettyu Milerin dediyinə görə, USAİD-nin Zimbabvedəki əməkdaşları və podratçıları "qəflətən, heç bir səbəb olmadan" saxlanıblar, sonra isə ölkədən çıxarılıblar: "Missiyanın əməkdaşları sərt davranışa, uzun sürən dindirilmələrə məruz qalıblar, onları qorxutmağa çalışıblar, gecə saatlarında tutulublar, maşınlara zorlda mindirilərək polisə aparılıblar və kameralara salınıblar. Belə davranış yolverilməz, əsassız və çox pisdir. Zimbabve hakimiyyəti bəyan edirdi ki, beynəlxalq əməkdaşlığın bərpasına və demokratik islahatların keçirilməsinə can atır. Amma Zimbabve hakimiyyətinin davranışı bəyanatlarına ziddir".

Birləşmiş Ştatların Zimbabve prezidenti Emmerson Mnanqaqvaya və ölkə hakimiyyətindəki bir sıra şəxslərə qarşı tətbiq etdiyi sanksiyaların müddəti uzadılıb.

Zimbabvedəki hakimiyyəti "diktatura" adlandıran mediasının narrativlərini təkrarlayan - və ya tərsinə - Ağ Ev "Qara qitə"də fəaliyyətini aktivləşdirmək, geosiyasi təsir imkanlarını gücləndirmək fikrindədir.

Ukraynadakı hərbi əməliyyatlar və HƏMAS-İsrail qarşıdurmasının müşaiyət etdiyi yeni geostrateji tektonik dəyişikliklər fonunda Birləşmiş Ştatların aktivləşməsi gec də olsa, yaşanan prosesdir.

Halbuik Afrikada illər əvvəl, ABŞ dünyanın digər bölgələrində mövcudluğunu təmin etməyə və gücləndirməyə çalışanda Rusiya ilə Çin fəallaşmışdılar.

Nəticə ABŞ, habelə Qərb üçün ürəkaçan deyil: Afrikanın bir çox ölkələrində Rusiya və Çinin təsir imkanları artıb.

Qərbi Afrikada isə ümumiyyətlə, Rusiya onillərdən, hətta əsrlərdən bəri həmin bölgəni müstəmləkəçilik qaydaları ilə istismar edən Fransanı ənənəvi yerindən məhrum edib.

Moskva və Pekinin vədlər yox, əməllə Afrika dövlətlərində fəaliyyətdə olduqlarını görən amerikalılarla avropalılar afrikalıların etimadsızlığı, Qərbin niyyətlərinə və vədlərinə inamsızlığı ilə qarşılaşıblar.

Afrika ölkələri Qərblə əvvəlki və indiki əlaqələrdən imtina edərək bərabərhüquqlü münasibətlər qurmağa çalışır. Qərb də afrikalıların kəskin müqavimət potensialını gördüyü üçün kobud təzyiq, hədə və zorakı vadaretmə mexanizmlərini hələlik təxirə salaraq "yumşaq güc" ssenarisini işə salıb.

Belə ki, ABŞ prezidenti Co Bayden Afrika ölkələrindən birinə BMT Təhlükəsizlik Şurasında üzv dövlət statusunun verilməsini təklif edib.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın dediyinə görə, Vaşinqton yaxın üç ildə bir sıra sektorlar ührə Afrika ölkələrinin iqtisadiyyatlarına 55 milyard dollar sərmayə qoymaq niyyətindədir. Bu pullar əsasən "yaşıl" energetika, iqtisadiyyatın rəqəmsallaşdırılması və ərzaq təhlükəsizliyinin təminatı sahələrinə xərclənəcək.

Amerikalılar Afrikada Qitə Azad Ticarət Zonasının yaradılmasına da dəstək verəcəklər. Layihə həyata keçəndən sonra 1,3 milyard insanın yaşadığı, ümumi həcmi 3,4 trilyon dollara bərabər ən böyük azad ticari zona olacaq.

Kənd təsərrüfatının, kimya sənayesinin, aqrar texnologiyaların, xam neft və təbii qaz hasilatı ilə emalının, mədən sənayesinin sürətlə inkişaf etdiyi Afrika ölkələrinin geosiyasi, iqtisadi və siyasi resurslarının artması prosesindən təbii ki, ABŞ kənarda qalmaq istəmir.

Amerikalılar iqtisadi və siyasi baxımdan daha cazibdar və sərfəli saydıqları regionlarda mövcudluqlarını təmin etmək üçün istisnasız olaraq, bütün vasitələrdən istifadə edəcəklər.

Afrikanın Trans-Saxara bölgəsinə gəldikdə isə, Vaşinqton orada daha sürətlə mövqelərini möhkəmləndirir. Əsas məqsəd iqtisadi böhran, səfalət və yoxsulluq içində boğulan Afrika ölkələrinə yardım etmək yox, Rusiyanın geosiyasi, Çinin iqtisadi ekspansiyasının qarşısını almaqdır.

Rəsmi Pekin "Qara qitə"yə böyük önəm verir, orada sərmayə qoyuluşu, icarə və torpaq alışı üçün böyük perspektivlərin olduğunun fərqinə varır. İqtisadi mexanizmlər vasitəçilə Çin Afrikadakı mövcudluğunu və təsir imkanlarını az qala hər gün genişləndirir.

Amerikalıların təlaşı səbəbsiz deyil. Ötən ilin nəticələrinə göər, Afrika ölkələrinə Çinin birbaşa investisiyalarının ümumi həcmi 53 milyard dolları keçib. Afrika ölkələrinə və bu ölkələrdəki şirkətlərə Çinin ayırdığı kreditlər isə son 23 ildə 201 milyard dollar təşkil edib.

Rusiyaya gəldikdə isə, ABŞ və Çinlə müqayisədə Moskvanın iqtisadi-maliyyə imkanları təbii ki, məhduddur. Buna rəğmən Afrikanın bir sıra ölkələri ilə Rusiyanın əlaqələri sürətlə inkişaf edir və həmin prosesdə afrikalıların Qərbin təsirindən, daha doğrusu, diktatından və neokolonialist siyasətindən qurtulmaq istəkləri xüsusi yer tutur.

Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra Afrika ölkələrinin əksəriyyəti BMT-nin Baş Assambleyasındakı səsvermələr zamanı kollektiv Qərbi dəstəkləmədilər. Rusiyanın reallaşdırdığı hərbi əməliyyatların qətiyyətlə pisləndiyi qətnamələrlə bağlı müzakirələr və səsvermələr zamanı afrikalılar ya bitərəf qalır, ya da səsverməyə qatılmırdılar.

Rusiyaya qarşı sanksiyalara da Afrika ölkələrinin əksəriyyətinin qoşulmaması təbii ki, kollektiv Qərbdə razılıqla qarşılanmamışdı.

Bütün bunlar belədir və Azərbaycandan uzaq proseslər təsiri bağışlaya bilər. Gerçəkdən də, ABŞ, Rusiya və Çin arasında Afrika qitəsində təsir rıçaqları uğrunda mübarizənin Bakıya nə təsiri var və ümumiyyətlə, proseslər bizə maraqlıdırmı?

Suala səthi cavab verməyə tələsməyək.

Afrikadakı dövlətlərin bir çoxu Qərb ölkələrini uzunmüddətli tərəfdaş hesab etmir, onlara güvənmirlər. Güvənsizlik ABŞ, Fransa və Avropa İttifaqı ilə bağlı xüsusilə güclüdür.

Bu baxımdan Afrika İttifaqının sədri, Seneqal prezidenti Maki Sallanın dedikləri maraq kəsb edir: "Biz danışanda əksər hallarda ya qulaq asmırlar, ya da dediklərimizi qulaqardına vururlar. Biz bunu dəyişmək istəyirik. Kimsə də də bizə "bununla işləyin, yalnız onunla işləyin" söyləməsin. Hamı ilə əməkdaşlıq və ticarət etmək istəyirik".

Afrika ölkələrinin ABŞ, Rusiya və Çinlə əməkdaşlığa sövq edildiyi şəraitdə Qoşulmama hərəkatı qitədə ciddi rol oynaya bilər. Vaşinqton, Moskva və Pekinlə müqayisədə Bakının geosiyasi, iqtisadi, hərbi, siyasi, maliyyə və s. imkanları az olsa da, Afrikada ölkəmizi artıqy etərincxə tanıyırlar.

Bir sıra Afrika ölkələri isə Azərbaycanla əlaqələri maksimum sürətlə inkişaf etdirməkdə maraqlıdır.

Həmin ölkələr Liviya, Tunis, Mərakeş, Misir, Əlcəzair, Sudan, Somali, Efiopiya, Eritreya, Konqo, Niger, Zair, Kot-d-İvuar, Toqo, Çad, Mali, Burkina-Faso, Qabon, Madaqaskar, Anqola, Zimbabve, Nigeriya, Qvineya-Bisau, Burundi, Cənubi Afrika Respublikası, Uqanda, Keniya, Mali, Malavi, Seneqal və Ruandadır.

Şərqlə Qərb arasında ideal balans tapmağa çalışan, tərəflərdən hər biri ilə sərfəli əlaqələrə yiyələnməyə can atan Afrika dövlətlərinin maraq müstəvisində Bakı ilə əlaqələrin inkişafı da var.

Zaman keçdikcə bu təmayül güclənir, proses genişlənir.

Afrikanı idarə etmək istəyən güclərsə təbii ki, həmin prosesi qısqanclıqla izləyir, maneələr yaratmağa çalışırlar.

Elçin Alıoğlu
TREND