Aysel Mehdiyeva: "Möcüzə də, xilaskar da sən özünsən" - MÜSAHİBƏ

13 Mart 2024 10:49

Yaşam koçu və ya həyat məşqçisi nədir? Nə işə baxır? Bəs bizə necə, köməklik edə bilərmi? Heç düşünmüsünüzmü: "Həyatımla nə etməliyəm?" Və ya, "Mən bir məqsədim olduğunu hiss etmirəm". Həyat məşqçisi sizə bu və daha çox şeydə kömək edə bilər. 

Həmsöhbətim yaşam koçu olaraq ixtisaslaşmış Aysel Mehdiyevadır. Yaşam koçunun adi insanlara faydasını gəlin elə Aysel xanımın özündən eşidək.

- Aysel xanımı yaşam koçu olmağa nə vadar etdi? Nəyə görə bu yolu seçdiniz?

- Salam. Məni yaşam koçu olmağa vadar edən amil insanlara dəstək olmaq istəyi oldu. Çünki bir vaxtlar mənim də birinin məni yarqılamadan dinləməsinə ehtiyacım var idi. O günlərdə mənə dəstək olan, dəyər verən yaşam koçu ilə olan tanışlığım bu sahəyə marağımı daha da artırdı. Bu səbəbdən bu sahədə çalışmağa qərar verdim. Həmin şəxsə buradan öz təşəkkürümü bildirirəm. 

- Uğurlu yaşam koçu üçün ən vacib keyfiyyətlərdən danışardınız

- Uğurlu yaşam koçu olmaq üçün öncə yaxşı dəsr almaq vacibdir. Seminarlarda iştirak etmək və daim araşdırıb öz üzərinizdə işləmək lazımdır. Mən bunları hər zaman edirəm. Eyni zamanda Türkiyədə ixtisaslaşmışam. Bizim sahədə vacib məqam insanları yarqılamadan diqqətlə dinləməkdir. 

- Sizcə, insanların həyatlarında dəyişiklik etməyə çalışarkən qarşılaşdıqları ən böyük çətinliklər hansılardır?

- Dəyişmək istəyirsən? deyə insanlardan soruşmaq lazımdır. Möcüzə də, xilaskar da sən özünsən. İnsanların qarşılaşdığı ən böyük çətinlik budur. Həyatlarında dəyişiklik etmək istəyənlər ətrafını dəyişmək istəyir. Amma bir insan konkret olaraq anlamalıdır ki, ilk öncə düşüncələrini dəyişməlidir. 

- Aysel xanım, insanlara bu çətinliklərin öhdəsindən gəlməsi üçün hansı köməkliyi edirsiz?

- İnsanları ilk olaraq dinləmək və anlamaq lazımdır. Ən gözəl terapiya anlaşılmaqdır. Bir yaşam koçu ona müraciət edən insanla ilk öncə empatiya qurmalı və özünü onun yerinə qoymalıdır.  Qarşısındakı insanda özünə qarşı özgüvən yaratmaq çox vacib şərtlərdən biridir. 

- Yadda saxlamaq lazım olan ən vacib məqam nədir?

- Münasibətin 4 təməl nöqtəsi var. Danışmaq, oxumaq, yazmaq və dinləməkdir. Biz, həyatdan danışmağın, yazmağın və oxumağın dərslərini alırıq. Bunlardan ən önəmlisi isə dinləməkdir. Bir koç qarşısındakı insanı yarqılamaqdan dinlədikdə o da danışdıqca danışır. Həyata sənin gözünlə baxır, bu da əvəzolunmaz duyğudur. 

- Həyatımızı yaxşılaşdırmaq üçün etdiyimiz səhvlər hansılardır?

- Həyatımızı yaxşılaşdırmaq üçün etdiyimiz səhvlər gözləntilərimiz və hər şeyi ətrafımızda axtarmaqdır. 

- Bəs bu səhvləri etməmək üçün nə etməliyik?

- Bu səhvləri etməmək üçün gözləntilərimizi minimuma endirməliyik və ətrafımızda yox çarələri özümüzdə axtarmalıyıq. Hər şey öz baxış bucağımızdan və öz düşüncələrimizdən asılıdır. Çünki hər bir şey düşüncələrimizdə gizlidir. Sizinlə yüksək frekansa sahib olan üç kəlməni bölüşmək istəyirəm. 

1. Sevgi - özümü olduğum kimi qəbul edirəm və sevirəm

2. Şükür - sahib olduğum və sahib olmağı seçdiyim hər şey üçün şükür edirəm

3. İnanc - istədiyim hər şeyi bacara biləcək gücdə ola biləcəyimə bütün qəlbimlə inanıram

- Hədəflər qoyarkən nəyə diqqət etməliyik?

- Uğura çatmağın yolu hədəflərdən keçir. Hədəf qoyarkən ilk öncə nə istədiyimiz bilməliyik. Sonra o hədəfə çatmaq üçün vaxt təyin etməliyik. 

- Bəs hədəflərə çatmaq üçün ən yaxşı addım desəm?

- Hədəflərə çatmaq üçün dayanmadan çalışmaq və hərəkət etmək lazımdır. Hər zaman motivasiyalı və pozitiv olmaq başlıca səbəbdir. 

- Bu məqamda uğursuzluqlarla üzləşsək nə etməliyik?

- Təbii ki, uğursuzluqlarda ola bilər. Amma yadda saxlamaq lazımdır ki, uğura gedən yol uğursuzluqlardan keçir. Napoleon Hilin belə bir sözü var: "O qədər məğlub oldum ki, məğlub etməyi öyrəndim. Yıxılmaq heç də önəmli deyil. Önəmli olan yıxıldığın yerdən yenidən güclü bir şəkildə qalxmaqdır".

- Bəs motivasiyalı olmağın ən yaxşı yolları?

- Motivasiyalı olmağın 3 əsas yolunu qeyd etmək istərdim. Pozitiv düşüncə - özünüzlə bağlı hər zaman pozitiv düşünün. Yaxşı düşünək ki, yaxşı olsun. Burada Dalay Lamanın məşhur bir kəlamını xatırlatmaq istəyirəm. "Pozitiv düşüncə ilə açdığımız bütün səhərlər bütün günümüzü dəyişdirə bilər". İkincisi məqsədli olun - həyatda nail olmaq istədiklərinzə nail olmaq üçün çalışın. Üçüncüsü isə özünüzü mükafatlandırın - xırda da olsa uğurunuza görə özünüzə kiçik bir hədiyyə alın və ya sadəcə təşəkkür edin. 

- Həyatınızda qalıcı dəyişiklik yaratmağa çalışarkən yadda saxlamağınız ən vacib şey nədir?

- Həyatında dəyişiklik etmək istəyirsənsə özünü, düşüncəni dəyiş dünyan dəyişsin. Kimsə həmişə daha gözəl, ağıllı və güclü olacaq, amma kimsən sən olmayacaq.

- Aysel xanım, səmimi söhbət üçün sizə təşəkkür edirəm

- Mən təşəkkür edirəm. Dəvət etdiyiniz üçün minnətdaram.

Xəyal
Milli.Az