"Azərbaycan - "Eurovision" arxasındakı şahmat taxtası"

5 İyun 2012 20:07
Rumıniyanın aparıcı və ən çox tirajla satılan "Romania Libera" qəzetinin 5 iyun 2012-ci il tarixli sayında Azərbaycanın müasir inkişafından və praqmatik xarici siyasətindən bəhs edən analitik məqalə dərc edilib. Bu barədə Trend-ə Azərbaycanın Rumıniyadakı səfirliyindən məlumat verilib.

Səfirliyin təşəbbüsü və Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin dəstəyi ilə "Eurovision 2012" beynəlxalq mahnı müsabiqəsi ilə əlaqədar Bakıda səfərdə olmuş qəzetin baş redaktorunun müavini Laurençiu Mihunun müəllifi olduğu məqalə "Azərbaycan - "Eurovision" arxasındakı şahmat taxtası" adlanır.

Məqalədə müəllif Azərbaycan insanının səmimiliyindən, istiqanlılığından, qonaqpərvərliyindən, Bakıda müşahidə etdiyi sürətli quruculuq-abadlıq işlərindən, yeni memarlıq abidələrinin qədim və tarixi tikililərlə harmoniyasından, nadir incəsənət nümunələrinə qarşı mədəni irs kimi Azərbaycanın qayğı ilə yanaşmasından və bunun nəticəsində İçərişəhər qoruğunun ölkənin brendinə çevrilməsindən bəhs edir.

Müəllif "Eurovision" ərəfəsində Azərbaycana qarşı beynəlxalq mətbuatda gedən tənqidi yazıların daha çox qərəzli məqsəd daşıdığını və dünya ictimaiyyətinin diqqətini ölkəmizə yönəltmək üçün yanlış metodlardan istifadə olunduğunu, Bakıda olduğu müddətdə beynəlxalq mətbuatın fikirləri ilə razılaşmadığını, müsabiqənin təşkilində Azərbaycanın bütün, o cümlədən təhlükəsizlik tədbirlərinin öhdəsindən uğurla gəldiyini vurğulayıb.
Müəllif Azərbaycandakı təəssüratlarından yola çıxaraq Buxarest və Bakı arasında müşahidə etdiyi inkişafı bir neçə faktlarla müqayisə edib.

Müəllif Azərbaycanın çətin geosiyasi məkanda yerləşdiyini, bu baxımdan keçmiş post-sovet ölkələri ilə müqayisədə bəxtinin gətirmədiyini yazır. Müəllifin fikrincə, Avropanın və qonşularının təzyiqlərinə və ölkəmizin siyasi iradəsini tez-tez müxtəlif sınaqlardan keçirmələrinə baxmayaraq, Azərbaycan müsəlman dünyasında öz dünyəviliyini qoruyub saxlamağa, beynəlxalq münasibətlərini düzgün şəkildə davam etdirməyə müvəffəq olub.
Məqalədə Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalması və uzun illərdir bir milyonluq qaçqın və məcburi köçkünləri ilə birlikdə insanlıq dramı ilə üzləşməsi xüsusilə vurğulanıb. Müəllif istər Ermənistanla bağlı vəziyyət, istərsə də cənub qonşudan güclənən bütün təhdidlərə rəğmən, Azərbaycanın təmkinli siyasət apardığını qeyd edib.

Məqalənin orijinalı:
http://www.romanialibera.ro/opinii/comentarii/azerbaidjan-tabla-de-sah-din-spatele-eurovisionului-265894.html

Milli.Az