Peru Konqresi Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat qəbul edib

28 Fevral 2024 15:48

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Peru Konqresi tərəfindən növbəti bəyanat qəbul edilib.

Milli.Az xəbər verir ki, ölkəmizin Meksikadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş soyqırımı aktından 32 il keçdiyi diqqətə çatdırılıb. Həmçinin misli görünməmiş hadisələr nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, 613 nəfərin qətlə yetirildiyi, 1275 nəfərin girov götürüldüyü, 150 nəfərin taleyinin hələ də naməlum qaldığı bildirilib.

Sənəddə baş vermiş soyqırımı aktının çoxsaylı beynəlxalq insan hüquqları təşkilatları tərəfindən tam şəkildə sənədləşdirildiyi, "Human Rights Watch" tərəfindən isə "münaqişə zamanı törədilmiş ən qanlı qətliam" olaraq qeydə alındığı vurğulanıb.

Bundan başqa, bəyanatda 2013-cü ildə Peru Konqresi tərəfindən Xocalı soyqırımı qurbanlarına ədalət tələb edən sənədə istinad olunduğu da əksini tapıb.

Həmçinin bu gün bütün dünya azərbaycanlılarının Xocalı şəhərində qətlə yetirilmiş günahsız insanların xatirəsini ehtiramla yad etdiyi bildirilib, onların əziz xatirəsinə, baş vermiş faciənin 32-ci ildönümünün anılması ilə əlaqədar Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı ifadə olunub.

Yüz minlərlə məcburi köçkünün öz evlərinə ləyaqətli və təhlükəsiz şəkildə qayıtmasını təmin etmək üçün Azərbaycanın sülh axtarışında, işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və orada aparılan minaların təmizlənməsi prosesində göstərdiyi səylərə dəstək ifadə edilib.

Sənəddə xüsusilə mina problemi ilə üzləşən Azərbaycan kimi ölkələrə bu ciddi təhlükəni aradan qaldırmaq və günahsız insanların həyatını qorumaq məqsədilə dəstək göstərilməsi üçün beynəlxalq ictimaiyyətə çağırış da edilib.

Xatırladaq ki, Peru Konqresi 2023-cü ildə də Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat qəbul edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun