Əvəz Zeynallıya hökm oxundu - FOTO

26 Fevral 2024 15:19

"Xural" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı və Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Milli.Az bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər son söz deyiblər. Onlar məhkəmədən bəraət istəyiblər.

Daha sonra məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra hökm elan edilib.

Hökmə əsasən, Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Prokuror Əvəz Zeynallının 10 il, Elnur Şükürovun isə 5 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

Ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onu həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İttihama görə, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb. Bundan başqa o, dələduzluqda və vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdə ittiham elan edilib. Elnur Şükürov da Əvəz Zeynallı ilə birgə mühakimə edilib. O da rüşvət almaqda və dələduzluqda təqsirləndirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun