Andorra Azərbaycanla turizm və təhsil sahəsində əməkdaşlıqda maraqlıdır
4 İyun 2012 17:26
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunye ilə görüşüb. Trend-in XİN-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Elmar Məmmədyarov andorralı həmkarı Gilbert Saboya Sunyenin ölkəmizə səfərini yüksək qiymətləndirib və səfərin iki ölkə arasında münasibətlərin inkişafına xidmət edəcəyini vurğulayıb.
Öz növbəsində, qonaq Andorra hökuməti adından Azərbaycana səfər etməkdən böyük məmnunluq hissi keçirdiyini həmsöhbətinin diqqətinə çatdırıb.
Ölkəsi haqqında məlumat verən Gilbert Saboya Sunye, iki ölkə arasında diplomatik münasibətlərin çox uğurla inkişaf etdiyini qeyd edib və ölkəsinin Azərbaycanla bir çox sahələrdə, o cümlədən turizm və təhsil sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Milli.Az