Xocalı soyqırımı bəşəriyyətə qarşı ən mənfur cinayətlərdən biridir - Avstriyanın onlayn qəzeti

26 Fevral 2024 10:36

Avstriyanın dasfazit.at onlayn qəzeti Xocalı soyqırımının 32-ci ildönümünə məqalə həsr edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "32 il bundan əvvəl erməni terrorçuları bəşəriyyət əleyhinə ən mənfur cinayətlərdən biri olan Xocalı soyqırımını törədiblər. Bir vaxtlar Azərbaycanın dinc şəhəri olan Xocalı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal olundu. İşğal zamanı erməni terrorçuları Xocalının 613 dinc sakinini qətlə yetirdi. Bunlar yaşlı, qadın və uşaqlar idi", - məqalədə deyilir.

Müəlliflər vurğulayır ki, bu cinayətlərə görə Ermənistana qarşı nə ABŞ, nə də Aİ tərəfindən heç bir sanksiya tətbiq olunmayıb. Əksinə, 1992-ci ildə (elə həmin ildə erməni terrorçuları Xocalıda soyqırım törətdilər) ABŞ öz Konstitusiyasına Azərbaycana qarşı yönəlmiş 907-ci düzəlişi qəbul etdi.

"Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə qalib gəldi və Qarabağda antiterror tədbir keçirdi. Beləliklə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Ötən il oktyabrın 15-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalıda dövlət bayrağını ucaltdı. Bu tarixi hadisə ədalətin bərpası, erməni terrorizminin vəhşi dağıntılarına məruz qalmış şəhərdə yeni, dinc həyatın başlanğıcı oldu.

Xocalıdakı yüzlərlə evdə irimiqyaslı təmir-yenidənqurma işləri aparılır (şəhərin bütün kommunikasiya, içməli su, kanalizasiya, elektrik, magistral xətləri) və artıq tamamlanma mərhələsindədir. Çox yaxında Xocalıya sakinlərin köçürülməsinə başlanılacaq. Bu ilin ilk altı ayı ərzində şəhərə 50 ailənin köçürülməsi planlaşdırılır. Bu isə Azərbaycan xalqının daha bir Böyük Zəfəri olacaq", - məqalədə qeyd olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun