Tarixi oyunda zəfər qoluna imza atan 19 yaşlı Nəriman Axundzadə kimdir?

23 Fevral 2024 12:03

Xəbər verdiyimiz kimi, "Qarabağ" tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib.

Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubunu üstələyərək bunu reallaşdırıb.

Azərbaycan çempionu 120+2-ci dəqiqədə növbəti mərhələni gətirən qolu vurub. Nəriman Axundzadə qapıçı ilə təkbətək şansı əldən verməyib. Nəticədə təmsilçimiz 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib.

Beləliklə, "Qarabağ" Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub. Bu mərhələnin oyunları martın 7-də və 14-də keçiriləcək.
 
Tarixi oyunda həlledici qola imza atan 19 yaşlı Nəriman Axundzadə kimdir?
 
Milli.Az azxeber.com-a istinadən Nəriman Axundzadə haqda məlumatı təqdim edir:

Əslən Lənkərandan olan Nəriman Axundzadə 23 aprel 2004-cü il Bakıda anadan olub. Lənkəranın tanınmış ustası olan usta Nəriman və hərbi polis mayoru Tofiq Mustafayevin nəvəsidir.
 
4 nəfərlik ailədə Əhməd Axundov və Rəna Axundovanın son beşiyi olan Nərimanın futbol karyerası "Xəzər-Lənkəran" klubundan başlayıb.
12-13 yaşından isə "Qarabağ"ın aşağı yaş klubunda futbol fəaliyyətini davam etdirib. 
 
Ona olan inamları doğrultmağa çalışan Nəriman tarixi oyunlarda həlledici qollara imza ataraq hər kəsin sevimlisinə çevrilib.
 
Belə ki, Xankəndi şəhər stadionunda baş tutan tarixi "Qarabağ"- MOİK oyununa əlavə olunmuş 5-ci dəqiqədə Nəriman Axundzadə qol vuraraq Azərbaycan Kubokunda MOİK-i 1:0 məğlub edərək 1/4 final mərhələsinə vəsiqə qazanıb.  
 
"Braqa" ilə səfər oyununda real qol epizodunu qaçıran Nəriman Axunzadə dünən Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda 120+2-ci dəqiqədə vurduğu qolla "Qarabağ" klubunun adını Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksəldib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun