Andorranın xarici işlər naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

4 İyun 2012 11:22
Bakıda səfərdə olan Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunyenin başçılıq etdiyi nümayəndə heyəti iyunun 4-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

AzərTAc-ın məlumatına görə, sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən andorralı qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Milli.Az