Yığmamızın yeni baş məşqçisi hədəfini açıqlayıb: “Bacaracağıq”

20 Fevral 2024 14:47

"Əsas hədəfimiz karateni əlimizdən gəldiyi qədər yüksəklərə qaldırmaqdır".

Milli.Az xəbər verir ki, bunu  İdman.Biz-ə kişi karateçilərdən ibarət Azərbaycan yığmasının yeni baş məşqçisi Şahin Atamov deyib.

Dünya çempionatının üçqat mükafatçısı təyinatına münasibət bildirib. Daha öncə gənclərdən ibarət millidə də eyni funksiyanı yerinə yetirən Atamov tezliklə karateçilərimizin uğurlu çıxışları sıralayacağına inam ifadə edib: "Komandamızı Türkiyənin Antalya şəhərində Premyer Liqa yarışı gözləyir. Bunun ardınca mayda Xorvatiyada Avropa çempionatına qatılacağıq. Əsas hədəflərimizdən biri bu yarışda yaxşı nəticə qazanmaqdır. İlin yekununda isə dünya çempionatı var. Mundialda ilk dəfə komanda yarışları da keçiriləcək. Burada əsas hədəfimiz Azərbaycanın adını və bayrağını yüksəklərə qaldırmaqdır. Bu istiqamətdə artıq işlərimizi qurmuşuq və plana uyğun davam edəcəyik. Hazırda vacib olan məsələ reytinq yarışlarından qalmamaq və bu turnirlərdə yüksək xal toplayaraq, mövqeyimizi yaxşılaşdırmaqdır. İlkin olaraq da hədəfimiz budur. İnanıram ki, çox çalışaraq bunu bacaracağıq".

Qeyd edək ki, Atamov bu postda Qurban Tağıyevi əvəzləyib. Sabiq baş məşqçi isə Azərbaycan Karate Federasiyasında WKF üzrə vitse-prezident təyin edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun