Perunun nüfuzlu nəşrində “Azərbaycanın reallıqları uydurmalara qarşı” başlıqlı məqalə dərc edilib - FOTO

20 Fevral 2024 08:57

Perunun nüfuzlu "Guik" portalında Azərbaycanda səfərdə olmuş, bu ölkənin tanınmış jurnalisti, siyasi şərhçi Rikardo Sançesin "Azərbaycanın reallıqları uydurmalara qarşı" başlıqlı məqaləsi dərc edilib.

Bu barədə Milli.Az-a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərindən bəhs edən məqalədə qeyd edilir ki, Azərbaycan əhalisinin yüksək fəallıqla nümayiş etdirdiyi seçkilərdə Prezident İlham Əliyev 92 faizdən artıq səslə qələbə qazanıb. Bildirilir ki, ölkədə aparılan uğurlu siyasət, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması, iqtisadiyyatın inkişafı, ölkə əhalisinin rifahının daha da yaxşılaşması kimi amillər bu uğura öz töhfəsini verib.

Qeyd olunur ki, seçkiləri izləyən 790 beynəlxalq, ümumillikdə isə 90 mindən çox müşahidəçi, eləcə də 300-ə yaxın xarici KİV nümayəndəsi seçki prosesinin sərbəst, şəffaf və demokratik keçdiyi barədə rəylər verib.

Məqalədə xüsusilə vurğulanır ki, 30 illik işğaldan sonra ilk dəfə suveren Azərbaycanın bütün ərazilərini əhatə etdiyi üçün bu seçkilər tarixi əhəmiyyət daşıyır.

Müəllif qeyd edir ki, Ermənistan və xaricdəki erməni diasporun Qarabağla bağlı yaydığı qərəzli və yalan məlumatların əksinə olaraq, bu bölgəni ziyarət edən hər kəs çoxillik erməni işğalının ağır nəticələrinin, o cümlədən şəhərlərin yerlə yeksan edilməsinin, mədəni, tarixi və dini abidələrin talan edilməsinin, yaşayış infrastrukturunun dağıdılmasının şahidi olur.

Həmçinin bu ərazilərin işğal dövründə Ermənistan tərəfindən kütləvi şəkildə minalanması səbəbindən hətta müharibədən sonra 300-dən çox insanın ölüb və ya yaralandığı qeyd olunur və minalanmış sahələrin xəritələrini hələ də Azərbaycan tərəfinə təqdim etməkdən imtina edən, bununla da günahsız insanların həyatını təhlükə altında saxlayan Ermənistan tərəfinin özünü dünyaya xristian dəyərlərinin daşıyıcısı kimi təqdim etməsinin ağlasığmaz olduğu vurğulanır.

Sonda öz yurdlarından didərgin düşmüş həmvətənlərimizin ləyaqətli və təhlükəsiz şəkildə evlərinə qayıdışını təmin etmək məqsədilə Azərbaycan dövlətinin azad olunmuş ərazilərin bərpası istiqamətində gördüyü genişmiqyaslı işlər barədə məlumat verilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun