Pantomima Teatrının əməkdaşı - "Müdiriyyət deyirdi ki, necə edirsən et, işçilər maaş..."

19 Fevral 2024 11:24

Azərbaycan Dövlət Pantomima Teatrının mənimsəmədə ittiham olunan əməkdaşı Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Aytən Kərimova iş üzrə özünü qismən təqsirli bildiyini bildirib:

"Mən həmin teatrda kadrlar idarəsində işləyirəm. Mühasib olmadığı vaxtlarda maaşı mən verirdim. 12-15 nəfər işçiyə 3 il müddətində əlbəəl maaş ödəmişəm. Buna səbəb isə teatrın hesablarına blok qoyulması idi. Blok vergi borcuna, sosial müavinətlərin ödənmədiyi üçün yaranmışdı. Mən bəzən maaşları hənin şəxslərə öz kartımdan atırdım. Ya da başqalarının adına artıq vururdum onlar da artıq məbləği mənə verirdilər. Mən də maaş kimi verirdim. Belə hal kartını itirənlərə, təzə gələnlərə aid idi. Müdiriyyət deyirdi ki, necə edirsən et, işçilər maaş alsın".

Daha sonra iş üzrə şahidlər ifadə verib. Şahid qismində tanınan Ceyhun İsmayılov çıxışı zamanı onun kartına da artıq məbləğin vurulduğu bildirib: "Aytən Kərimova qızımdır. Mən də teatrda yanğın mühafizə təlimatçısı kimi 4 ildir işləyirəm. Qızım dedi ki, bəs kartına artıq pul vururam onu mənə verərsən. Öz maaşım 450 manat idi. Maaşımı götürüb qalanın qızıma verirdim. İşləyənlər arasında əlbəəl maaş alanların olduğunu bilirdim. 4 ildir orda işləyirəm mühasibi bir dəfə yasda görmüşəm".

Daha sonra şahid qismində teatrın direktoru Elman Rəfiyev ifadə verib. O, təqsirləndirilən şəxsin maaşları verməsi barədə rəsmi əmri olmadığını deyib:

"2012-ci ildən Aytən xanım mənim işçimdir. Bir otaqda eyni kreslonu bölüşürdük. Onun işi olanda mən ayaqüstə gözləyirdim. Mənim işim olanda o ayaqüstə gözləyirdi. Tez-tez müraciət edirdilər ki, maaşlar gecikir. Deyirdim ki, səbrli olun, veriləcək. Mənə deyirdilər ki, hesablarımıza sərəncam qoyulub. Sərəncamın səbəbi vergi borcu və ya sosial müavinətlərin verilməməsi idi. Nə maaş verə bilirdik, nə də başqa iş görə bilirdik. Hesaba pul gələn kimi borclara çıxılırdı. Bu barədə mühasibə iradımı bildirmişəm. O da həll edirdi. Belə hal 4-5 gün çəkirdi. İndi də hesablarımızda sərəncam var. Bu yaxınlarda nazirlik təmir üçün bizə pul köçürmək istədi dedik ki, məlum oldu ki, hesabımızda sərəncam var. Bizim teatrda hamının kartı vardı. Kartlar ildə bir dəfə dəyişir. O da 10-15 gün çəkir. Bizim mühasib həm də uşaq flarmonyasinin da baş mühasibidir. Bizdə hər ştat üzrə bir işçi olub. Bizim mühasib ağır xəstəliyə yoluxanda, işdə olmayanda Aytən xanım ona kömək edirdi".

Qeyd edək ki, Aytən Kərimova barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (Vəzifə saxtakarlığı ) maddələri ilə cinayət işi başlanılıb.

A.Kərimova mühasib vəzifəsini icra etdiyi müddətdə həmin teatrda müxtəlif vasitələrlə ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham edilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun