Keniya Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlıq imkanları mövcuddur

16 Fevral 2024 17:21

Fevralın 16-da Keniya Prezidenti Uillyam Samoei Ruto Azərbaycanın bu ölkədəki səfiri Sultan Hacıyevi qəbul edib.

Səfirlikdən Milli.Az-a bildirilib ki, Prezident Ruto Azərbaycanda növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsi və dövlətimizin başçısı İlham Əliyevi seçkilərdə qalib gəlməsi münasibətilə bir daha təbrik edib. O, ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Uillyam Samoei Ruto bildirib ki, iki ölkə arasında səmimi münasibətlər daha da inkişaf etməkdədir və əlaqələri genişləndirmək üçün bir çox sahələrdə əməkdaşlıq imkanları mövcuddur. O, bu işbirliyinin hər iki xalqın mənafeyinə xidmət etdiyini vurğulayıb.

Keniya Prezidenti iqlim dəyişikliyi ilə mübarizənin, xüsusilə Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkələrimiz arasında sıx və məhsuldar əməkdaşlıq istiqamətlərindən biri olacağına əminliyini vurğulayıb.

Səfir Sultan Hacıyev öz növbəsində dövlətimizin başçısı İlham Əliyevin salamlara və təbriklərə görə təşəkkürünü Keniya Prezidentinə çatdırıb.

Diplomat bildirib ki, cari ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünün qeyd olunması dinamik inkişaf edən əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün münbit zəmin yaradır. O, 2024-cü ildə iki ölkə arasında qarşılıqlı münasibətlərin davamlı inkişaf edəcəyinə inandığını bildirib.

S. Hacıyev Azərbaycanın 2024-cü ildə COP29-a, 2026-cı ildə isə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edəcəyini diqqətə çatdırıb.

Görüş zamanı bildirilib ki, Keniya Afrikada ətraf mühit məsələlərində aparıcı rol oynayan ölkələrdən biridir.

Qeyd edilib ki, Keniyanın 2023-cü ildə Afrika İqlim Sammitinə uğurla ev sahibliyi etməsini, Afrika Dövlət və Hökumət Başçılarının İqlim Dəyişikliyi üzrə Komitəsinin sədri olmasını nəzərə alaraq, COP29 müstəvisində həm ikitərəfli, həm də çoxtərəfli istiqamətlər üzrə əməkdaşlıq ölkələrimiz arasındakı münasibətlərə xüsusi töhfə verəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun