"Əgər Bakıda Olimpiya Təsnifat Turnirində 60 kq çəkidə Nihat Məmmədli və ya Murad Məmmədov lisenziya qazansa, xalçaya gələn il Avropa çempionatında qayıdacağam".
Bunu "İdman Bizdə" verilişinin qonağı olan Azərbaycan millisinin yunan-Roma güləşçisi Eldəniz Əzizli (55) deyib.
Avropa çempionatından kənarda qalan 3 qat dünya çempionumuz zədədən sonra yarışlara qayıdacağı vaxtı açıqlayıb. O bildirib ki, karyerasını bitirmək fikri yoxdur: "Çalışacağam ki, 4-cü dəfə dünya çempionu olmaqla yeni tarix yazam. Hələlik məni ciddi sınaq gözləmir".
31 yaşlı güləşçinin sözlərinə görə, onun olimpiya çəkisində - 60 kq-da iştirakı da istisna deyil: "Əgər ilk təsnifat turnirində lisenziya əldə edilməsə, ikincidə özüm qayıdacağam. Hər idmançının arzusu Olimpiya oyunlarında iştirakdır. Çünki bu yarışların zirvəsidir. Kolleksiyamı Olimpiya medalı ilə tamamladıqdan sonra karyeramı bitirmək istəyirəm. Həkimlər məsləhət görür ki, bir qədər də gözləyim. İndi nəsə demək bir az tezdir. Görək, zədəm necə olacaq".
Qeyd edək ki, ötən il döş qəfəsindən zədələnən Eldəniz Əzizli bu il Avropa çempionatından öncə "Zaqreb Open"də iştirak edə bilməyib.