Vaqif Cavadov: "Klubuna görə yığmaya futbolçu çağırmaq olmaz"

2 İyun 2012 15:20
"Qarabağ"ın hücumçusu Vaqif Cavadov azerisport.az saytına müsahibəsində futbol üzrə Azərbaycan millisindən kənarda qalmasından, eləcə də yığmamızın Yaponiya və Andorra ilə oyunlarından danışıb.
 
- Yığmamızın Yaponiya və Andorra ilə oyunlarını necə qiymətləndirərdiz?

- Mən ancaq yaponlarla oyun barədə nəsə danışa bilərəm. Çünki həmin görüşdən fərqli olaraq, Andorra ilə qarşılaşmanın bəzi fraqmentlərini görə bilmişəm. Yaponiya çox güclü rəqibdir. Amma biz onlara qarşı daha yaxşı oynaya bilərdik. Mənə elə gəlir ki, komanda ora 40 saatlıq yol ərzində əldən düşmüşdü. Əks halda biz onlara qarşı fərqli oyun nümayiş etdirərdik. Mövsümün sonudur, futbolçuların əksəri yorğundur. Üstəlik, Kaqava, eləcə də onun əksər komanda yoldaşlarının səviyyəsi barədə siz də hər şeyi gözəl bilirsiz.
 
- Bəs, Andorra ilə heç-heçə?

- Komandada nə baş verdiyini bilmirəm. Əminəm ki, komanda həmin oyunda qələbə qazanmağı çox istəyirdi. Sadəcə, bəxtimiz gətirməyib. Digər tərəfdən bu oyunlarda Rəşad Sadıqov, Əfran İsmayılov kimi aparıcı futbolçuların yoxluğu da öz sözünü dedi. Mətbuatın yığma komandanı bu dərəcədə tənqid etməsi məndə narahatlıq doğurur. Yaxşı olardı ki, rəsmi oyunları gözləyək. Unutmayın ki, bunlar sıradan yoldaşlıq oyunlarıdır.
 
- Yəni başa düşüb, bağışlamaq lazımdır?

- Əslində bu oyunlarda məni daha çox heyət təəccübləndirdi. Yaponiyaya qarşı Türkiyədən üç futbolçunu oynatdı. Mən bütün futbolçulara hörmətlə yanaşıram və türk xalqına yaxınlığımızı başa düşürəm. Amma guya onlar bizimkilərdən güclüdülər? Azərbaycanda çoxlu futbolçu var ki, onların heç birindən zəif deyillər. Yığmaya ancaq klubunun adına görə futbolçu çağırmaq olmaz. Şəxsən onların səviyyəsi məndə çoxlu suallar yaradır.
 
- Berti Foqts bəyan edib ki, Azərbaycan AÇ-2016-ya vəsiqə qazana bilər. Sizcə, bu, realdır?

- Mən bir ay sonra nə olacağını bilmirəm. Bu qədər uzun müddət sonra üçün necə proqnoz verə bilərəm? Növbəti ildə yığmanın hansı vəziyyətdə olacağını indidən demək olmaz. O üzdən də sizə konkret bir cavab verə bilmərəm.
 
- "Qarabağ"ın son mövsümdəki nəticəsi sizi qane etdi?

- Avrokuboklara vəsiqə qazana bilməməyimiz bütün komandaya pis təsir etdi. Son ana kimi inanırdıq ki, avrokuboklara vəsiqə qazanacağıq. Amma bəxtimiz gətirmədi. Çoxlu səhvlərə, xal itkilərinə yol verirdik. Növbəti mövsümdə ancaq çempionluğa oynayacağıq.
 
- "Qarabağ"ın son illərdə avrokuboklarda qazandığı uğurları bu il hansı klubumuzdan gözləyirsiz?

- Keçmişi unutmaq lazımdır. Mənə elə gəlir ki, bütün təmsilçilərimiz mümkün qədər irəli getməyə hazırdırlar. O vaxt bizə "Rosenborg" rəqib olanda, heç kim inanmırdı ki, mərhələ adlaya bilərik. Mənə elə gəlir ki, bu il də hansısa klubumuz "Rosenborg"a rəqib olsa, onu keçəcək. Fikrimcə, "Neftçi"yə güclənmək lazımdır. Çünki Çempionlar Liqası daha ciddi turnirdir. "İnter" və "Bakı"nın da yeni transferlərə ehtiyacı var.

Milli.Az