İrəvan sülhə atəş açdı

12 Fevral 2024 20:20

Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində hərbi qulluqçu yaralanıb.

Hadisə fevralın 12-si saat 13:37 radələrində baş verib.

Atəş Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılıb.

Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Baş vermiş hadisə, o cümlədən, qarşı tərəfdən atəşin açılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb. Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır. Bu, Ermənistanın növbəti təxribatıdır və buna görə məsuliyyət tam şəkildə rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Mahiyyət etibarilə sərhədçimizin snayperlə vurulması Ermənistanın növbəti təxribatıdır.

Rəsmi Bakı ötən ilin ortalarından bəri Azərbaycanla Ermənistanın şərti dövlət sərhədində nisbi sakitliyin olduğunu bəyan edirdi. Bəyanlar, əslində, əyan məramın nümunəsi idi: Azərbaycan Ermənistanla yekun sülh sazişi imzalamaq, sərhədi müəyyənləşdirmək, ölkənin qərb bölgələrini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizini açmaq, nəticədə Ermənistanla münasibətləri normallaşdırmaq niyyətindədir.

İrəvan isə bunu istəmir - çoxsaylı "sülhpərvər" açıqlamalarına, Ermənistanın baş naziri Nikol Paşinyanın ilk növbədə Qərbə ünvanlanmış çağırışlarına rəğmən.

Ermənistan hüquq-mühafizə orqanları tərəfindən atəşkəsin pozulması faktı ilə bağlı araşdırma başlanılıb. Bildirilir ki, hadisə erməni hərbçi tərəfindən qəsdən törədilib.

Yəni rəsmi İrəvan suçlu qismində adi hərbçini görür. Fəqət, belə deyil.

Atəş snayper tərəfindən açılıb. Dünyanın istənilən silahlı qüvvələrində snayper döyüş tapşırığı alandan sonra fəaliyyətə başlayır.

Bundan başqa, şərti dövlət sərhədində və frontir yaxınlığındakı mövqelərdə ermənilərin snayperlərlə təmin edilmiş postlarını barmaqla saymaq olar. Atəş açılan postda isə bu yaxınlaradək snayper olmayıb: o, hadisənin yaşandığı yerə bir müddət əvvəl göndərilib.

Mövqemizə atəş də bilərəkdən, planlaşdırılmış şəkildə açılıb və bu, Ermənistanın son vaxtlar yürütdüyü siyasətin kompleks məcmusunun daha bir mərhələsidir.

Fransanın sürətlə silahlandırdığı, Hindistanın 441,2 milyon dollarlıq sursat və hərbi texnika satışı ilə bağlı anlaşmalar imzaladığı, Yunanıstan və Kiprin birgə təlimlər keçirərək, onların sayını sürətlə artırdığı, revanşist və qisasçı əhval-ruhiyyənin cəmiyyətində aktivləşdiyi Ermənistan rəhbərliyi vəziyyəti bilərək gərginləşdirir.

Siyasi dəstəyi Fransadan alaraq, özünü haminin qüdrətli yardım əhatəsində hiss edən Ermənistanı ruhlandıran digər məqam Avropa İttifaqının Müşahidə-Monitorinq Missiyasıdır (EUMA). Azərbaycanla şərti dövlət sərhədində fasiləsiz müşahidələr aparan EUMA adi monitorinqlə pərdələnərək, erməniləri vəziyyətin yeni eskalasiyasına sövq edir.

Paşinyan iqtidarı da EUMA müşahidəçilərinin sərhəddə olduqlarına güvənərək, mövqelərimizin atəşə tutulması barədə əmr verib.

Baş vermiş hadisə spontan deyil.

Məsələn, Fransa Milli Jandarmının xarici missiyalarının komandiri, briqada generalı Uilyam De Meyerin Ermənistana gedərək, binoklla Azərbaycana tərəf baxması, sonra erməniləri dəstəkləyən bəyanatla çıxış etməsindən az sonra Qərb mediasında, habelə Ermənistan KİV-də "Ermənistanın sərhəddə əməliyyat həyata keçirərək, uğur qazana biləcəyi" barədə iddialar sıralanmışdı.

Nikol Paşinyanın Britaniyanın "The Telegtaph" nəşrinə müsahibəsində Azərbaycanın ünvanına təhdidlər və uydurma ittihamlar səsləndirməsi, Ermənistan ordusunun bundan sonra da sürətlə silahlanacağını bəyan etməsi və "mümkün gərginliyə görə Bakının məsuliyyət daşıyacağı" barədə marazmatik açıqlamaları da təsadüf sayılmamalıdır.

Kolluqışlaq kəndindəki mövqeyimizə atəşi erməni snayperlə bahəm, Fransa və Avropa İttifaqının Ermənistandakı EUMA missiyası, habelə Ermənistanı tam dəstəkləyən və silahlandıran dövlətlər, Azərbaycana təzyiq göstərməyə çalışan güclər açdılar.

Onlar mövqeyimizi yox, sülh danışıqlarını, bölgədə stabilliklə əmin-amanlığın bərqərar olmasına yönəlmiş ümidləri atəşə tutdular.

Azərbaycan səbirlidir, amma səbrin cəmləşdirdiyi gücün zərbəsi dəmir gürz misalı olur.

Ermənistan bunu əsla unutmasın...

Elçin Alıoğlu
TREND