Zəngilandakı təxribatın məqsədi nədir? - Ermənistanın gizli planı...

12 Fevral 2024 18:20

Bu gün sərhəddə növbəti erməni təxribatı törədilib. Gündüz saatlarında törədilən təxribat nəticəsində hərbi qulluqçumuz Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. O, helikopterlə tibb məntəqəsinə çatdırılıb. Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır.

Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb. Videodan da göründüyü kimi bu təxribata görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistanın hərbi əməliyyatlar hazırladığı aşkar idi. Çünki, Ermənistanın Hindistandan Fransa lisenziyası ilə istehsal olunmuş silahlar alması, Fransanın Ermənistanı silahlandırması, Fransa generalının Ermənistana səfəri və Azərbaycanla sərhəddə peyda olması ekspertlər tərəfindən təxribatlara hazırlıq kimi şərh edilmişdi. Bununla bağlı mətbuatda çoxsaylı məlumatlar dərc olunmuşdu.

Bəs bu təxribat Ermənistana niyə lazımdır?

Hadisənin Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və məqsədyönlü şəkildə törədildiyi aydın görünür. Onların məqsədi vəziyyəti gərginləşdirməkdir. Ermənistan Aİ missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışır. 

Bu təxribat Aİ missiyasının bölgədə qalmasına xidmət edir. Çünki, missiyanın gücləndirilməsinə "arqument" üçün onlara belə bir təxribat lazımdır. Sakitlik olduğu halda missiyanın orada niyə qaldığı, niyə daha da gücləndirilməli olduğu aydın deyil. Ona görə Fransa başda olmaqla missiya iştirakçıları özlərinin bölgədə uzun müddətli qalmasına zəmin hazırlamaq üçün Ermənistanı gərginlik yaratmağa təşviq edir.

İslam
Milli.Az