Rəssamlığın Bəhruz Kəngərli zirvəsi

2 İyun 2012 20:14
Öz fəaliyyətləri ilə xalqımızın ictimai, siyasi, mədəni həyatında mühüm xidmətlər göstərmiş şəxsiyyətlər heç bir zaman unudulmur, xatirələri həmişə əziz tutulur. Bu mənada, Azərbaycanan dilbər guşəsi Naxçıvan Muxtar Respublikasında da dəyərli şəxsiyyətlərin anılması və xatirələrinin əbədiləşdirilməsi bir ənənəyə çevrilib və böyük qayğı ilə həyata keçirilir. Belə şəxsiyyətlərdən biri Bəhruz Kəngərlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 12 yanvar 2012-ci il tarixdə imzaladığı növbəti sərəncam ilə Azərbaycan rəssamlığında göstərdiyi əvəzsiz xidmətlərə görə Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi nəzərdə tutulub.

Görkəmli rəssam Bəhruz Kəngərli Azərbaycan realist rəssamlığının banisi və əvəzolunmaz nümayəndəsi, istedadlı fırça ustası kimi xatırlanır. Onun çəkdiyi qiymətli rəsm əsərləri Azərbaycan incəsəntinə yeni iz gətirərək realist rəssamlığın əsasını qoyub.
Görkəmli rəssam Bəhruz Şirəlibəy oğlu Kəngərli 1892-ci il yanvarın 22-də Naxçıvanda dünyaya göz açmışdır. Bəhruzun atası Şirəlibəy Bəhruzda rəssamlığa sonsuz marağı görüb onu 1910-cu ildə Zaqafqaziyada yeganə olan Tiflis Rəssamlıq Məktəbinə gətirir. Bəhruz 1915-ci ildə təhsilini başa vuraraq Naxçıvana qayıdıb geniş fəaliyyətə başlayır. O, bir-birindən dəyərli əsərlər yaradır və həmin əsərləri ilə realist boyakarlıq sənətinin əsasını qoyur, onu yeni forma, janr və təsvir vasitələri ilə zənginləşdirir.

Rəssam ömrü boyu doğma Vətəninin gözəlliklərini öz əsərlərində tərənnüm etmişdir. Onun kömür, karandaş, akvarel və yağlı boya ilə müxtəlif janrlarda yaratdığı 500-ə yaxın əsəri indi də incəsənət muzeylərinin dəyərli eksponatları sırasındadır.

1914-1921-ci illərdə bədnam erməni daşnaklarının xalqımızın başına açdığı vəhşiliklər, faciəli hadisələr Bəhruz Kəngərliyə də ağır təsir bağışlamış, gənc rəssamı sarsıtmış, onun yaradıcılığında dərin iz qoyub. Bəhruz Kəngərli böyük yanğı ilə o dövrdə həmvətənlərinin, sadə insanların, dinc əhalinin başına gətirilən müsibətləri olduğu kimi, real boyalarla təsvir etmişdir. Həmin sənət əsərləri bizim hər birimizi bu hadisələri, tarixi xəyanətləri heç vaxt unutmamağa səsləyir. Onun  böyük yanğı və ustalıqla yaratdığı "Qaçqınlar" silsiləsindən olan əsərlərinə həyəcansız baxmaq olmur. "Tərk edilmiş ev", "Yurdsuz ailə", "Papaqlı oğlan", "Naxçıvanda xaraba qalmış evlər", "Qaçqın qadın", "Qaçqın oğlan" və sair əsərlər bu qəbildəndir.

Bəhruz Kəngərlinin yaradıcılığında mənzərə, portret, məişət janrları da xüsusi yer tutur. "Ağrı dağı", "Gecə mənzərəsi", "Qoyun sürüsü", "İlan dağı", "Atabəy məqbərəsi", Kamanbəyovun, Əsədağanın, Şmerlinqin portretləri və sair əsərləri bir-birindən maraqlı və təsirli nümunələridir.

Parlaq istedada, xüsusi yaradıcılıq qabiliyyətinə malik olan görkəmli rəssam Bəhruz Kəngərli yoxsul həyat tərzi keçirib. Ancaq bununla belə bu əvəzsiz, istedadlı sənətkarın geniş ürəyi, çırpınan qəlbi olub 1921-ci ildə Naxçıvanda İnqilab Komitəsinin təşəbbüsü ilə Bəhruz Kəngərlinin 500 əsərdən ibarət  böyük sərgisi təşkil olunub. Daim ehtiyac içərisində yaşayan, heç bir qayğı görməyən Bəhruz Kəngərli üçün bu sərginin təşkilinin böyük əhəmiyyəti var idi. Görkəmli sənətkar Bəhruz Kəngərli bu sərgidən toplanan pulun üçdəbirini şəhər uşaq evinə bağışlayıb.

Bəhruz Kəngərli bütün ömrü boyu Vətəninə, xalqına bağlı insan olub. Buna görə idi ki, bütün varlığı ilə sevdiyi Vətəni onun gözəl guşələrini məhz öz sehirli fırçası ilə kağıza köçürüb, rənglərdən yaranan bir sənət dünyası yaradıb. Sənətkarın bütün qəlbi ilə sevdiyi Naxçıvan onun əsərlərində başqa cür təsvir olunub. Naxçıvan hər guşəsi ilə bu görkəmli rəssamın yaradıcılığına sanki başqa bir gözəllik, özgə bir reallıq tapır.

Azərbaycan rəssamlığının, boyakarlığının zirvəsində dayanan əvəzsiz sənətkar Bəhruz Kəngərli 1922-ci il fevralın 7-də Naxçıvanda dünyasını dəyişib.

Bu görkəmli rəssamı xalqımız daim əziz tutub, xatirəsini həmişə yaşadıb. Bəhruz Kəngərlinin şəxsiyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də həmişə qayğısı ilə əhatə olunub, əvəzsiz sənətkarın vətəni Naxçıvanda ev-muzeyi yaradılıb. Ürəklərdə yaşayan görkəmli realist sənətkar Bəhruz Kəngərli xalqımız tərəfindən həmişə hörmətlə xatırlanır, yeni nəsillərə örnək ola biləcək həyatı və yaradıcılığı təbliğ edilir.

"Azərbaycan" qəzeti