Yunanıstan Artemis kosmik proqramına qoşulub

10 Fevral 2024 22:43

Yunanıstan Amerikanın kosmos sahəsində əməkdaşlıq proqramı Artemis-ə qoşulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, müqavilə ABŞ dövlət katibi Antoni Blinken, ABŞ Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA) rəhbəri Bill Nelsonun və Yunanıstan Kosmik Mərkəzinin prezidentinin qatıldığı Vaşinqtonda keçirilən mərasimdə Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis tərəfindən imzalanıb.

Sazişin imzalanması Yunanıstan və ABŞ arasında Amerika paytaxtında keçirilən strateji dialoqun beşinci raundu çərçivəsində baş tutub.

Mərasimdə çıxış edən Gerapetritis vurğulayıb ki, bu dialoq ortaq dəyərlərə əsaslanan siyasətlərin gücləndirilməsinə imkan verir.

Yunanıstan Artemis proqramına qoşulan 35-ci ölkə oldu.

Proqram rəsmi olaraq 2017-ci ildə Donald Tramp administrasiyası altında yaradılıb, lakin onun bir çox komponentləri, məsələn, Orion kosmik gəmisi əvvəlki Constellation proqramı (2005-2010) zamanı və onun ləğvindən sonra hazırlanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun