Azərbaycanda son 1 ay ərzində (31.12.2023-31.01.2024) koronavirusa 325 yeni yoluxma faktı qeydə alınıb. COVID-19-a yoluxan 217 nəfər sağalıb. Ay ərzində analiz cavabı müsbət çıxan 21 nəfər ölüb.
Koronavirusa yoluxma niyə artıb? Yeni dalğa gözlənilirmi? Qazaxıstanda olduğu kimi, maska rejiminə qayıda bilərikmi?
Milli.Az xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla Musavat.com-a açıqlamasında bildirib ki, koronavirus pandemiyası rəsmən bitsə də, omikron ştamının mutasiya variantları davam edir:
"Bu, epidemik yoluxmalara səbəb olur. Lakin bu, pandemiyanın geri qayıtması demək deyil. Pandemiyanın geri qayıtması mümkün deyil. Sadəcə epidemik ocaqlar virus tamamilə yoxa çıxana qədər davam edəcək. Qızılca virusunun, sarılıq və digər infeksiyaların da son vaxtlar fəallaşması ayrı-ayrı ölkələrdə epidemioloji vəziyyəti pisləşdirib. Ayrı-ayrı ölkələr həmin vəziyyəti dəyərləndirib ona uyğun qərarlar verirlər. O cümlədən Qazaxıstanda maska rejiminin bərpa olunmasına qərar verilib. Qərarların verilməsi həm Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi, həm də yerli səhiyyə orqanının vəziyyəti dəyərləndirib verdiyi tövsiyələr əsasında həyata keçib".
Həkim qeyd edib ki, Azərbaycanda da durum Qazaxıstana yaxındır:
"Bizdə də koronavirusa yoluxmalar var, modul tipli xəstəxanaların fəaliyyətinin yenilənməsi var, ölüm halları da var. Hesab edirəm ki, bizdə də Qazaxıstandakı kimi qadağalar ola bilər".
Adil Qeybulla hesab edir ki, respirator infeksiyalardan qorunmağın yeganə yolu maska taxmaq və gigiyenik tədbirlərə riayət etməkdir:
"Yəni əllərin dezinfeksiyasıdır, məsafə gözləmək və s. Biz bu vərdişləri ömür boyu yadda saxlamalıyıq. Siz görürsünüz ki, ildən-ilə müxtəlif sürprizlər ortaya çıxır. Dünyada həddən artıq insan artımı, onun fəaliyyəti nəticəsində baş verən iqlim dəyişiklikləri - atmosfer havasında həddən ziyadə karbon qazı, metan toplanması nəticəsində yaranan iqlim dəyişikliyi və bununla bağlı ayrı-ayrı virusların fəallaşması, immun sisteminin dəyişməsi rol oynayır. Koronavirus pandemiyası da məhz bu faktorlara dayanır.
Dünya artıq həyəcan təbili çalır və bununla bağlı qlobal layihələr hazırlanır. Amma bütün bunlara qədər hər bir toplum gərək heç olmasa özlüyündə karantin qaydalarına əməl etsin, mümkün qədər hava-damcı yolu ilə yayılan infeksiyaların qarşısının alınmasına yardımçı olsun. Maska bir mədəniyyət nümunəsinə çevrilməlidir. Xüsusilə də qış vaxtı respirator infeksiyaların artması zamanı hər bir kəs düşünməlidir ki, başqasını yoluxdurmasın, özü yoluxduqda isə sağalıb sonra kollektiv içərisinə çıxsın. Biz bunu dərk etsək, həmişə buna əməl etsək hesab edirəm ki, problemlərimiz az olar".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun