Separadi kənd sakinlərinin problemləri tezliklə həll olunacaq - FOTO
1 İyun 2012 19:40
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Sütəmürdov
kəndindən sonra növbəti səyyar görüşünü mayın 31-də Separadi kəndində
keçirdi. Qəbulda Separadi və Tükəvilə kəndlərinin sakinləri, icra başçısının müavinləri, hüquq-mühafizə orqanlarının, ayrı-ayrı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər. Milli.Az Cənub TV kanalına istinadən xəbər verir ki, görüşə giriş sözü ilə Separadi inzibati ərazi dairəsinin nümayəndəsi Şahbaba Axundov başladı. O, icra başçısına məlumat verərək bildirdi ki, Separadi kənd ərazi dairəsi Separadi və Tükəvilə kəndlərindən ibarətdir.
1218 təsərrüfatı birləşdirən Separadi nümayəndəliyində 5098 nəfər əhali yaşayır. Separadi və Tükəvilə kəndlərinin əhalisi demək olar ki, əsasən, heyvandarlıqla məşğuldur. Ərazidə 2 tam orta məktəb, 1 məktəbəqədər uşaq bağçası, 1 mədəniyyət, 1 kitabxana, 1 həkim
ambulatoriyası, 1 həkim məntəqəsi, 1 feldşer-mama məntəqəsi, 2 ATS, 1 poçt şöbəsi, 68 sahibkarlıq subyekti fəaliyyət göstərir.
Daha sonra Separadi bələdiyyəsinin sədri Niyaməddin Məmmədov ərazi, əhalinin məşğuliyyəti, ərazidə aparılan abadlıq-quruculuq işləri haqqında və həllini gözləyən məsələlər barədə icra başçısı Taleh Qaraşova ətraflı məlumat verdi. Sonra ayrı-ayrı vətəndaşlar çıxış edərək bir neçə təkliflər irəli sürdülər. Separadi kənd sakini Etibar Cəfərov son iki ayda Lənkəranda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinə görə icra başçısına minnətdarlıq etdi.
O, daha sonra kənddə 1950-ci ildə tikilmiş tibb məntəqəsinin əsaslı təmirə ehtiyacı olduğunu, iki ay bundan əvvəl yarımstansiyanın fəaliyyətini dayandırdığını, yeni məktəb binasının tikintisinin zəruriliyini diqqətə çatdırdı. Tükəvilə kənd sakini Aydın Əliyev kənddə təbii qazın olmadığını, məktəb binasının qəzalı vəziyyətdə olduğunu, feldşer-mama məntəqəsinin yarıtmaz binada yerləşdiyini söylədi. Separadi kənd sakini Dadaş Dadaşov kəndarası yolların asfaltlaşdırılması məsələsini irəli sürdü.
Separadi kənd sakini İsmayıl Əkbərov kənddə mövcud olan bulağın ərazisinin təmir edilməsi təklifini irəli sürdü. Separadi kənd ağsaqqalı Ağaxan Əkbərov öz evində Heydər Əliyev muzeyi yaratdığını söylədi. Sonra ayrı-ayrı çıxışlarda sahələri əkib-becərmək üçün texnikanın olmadığı, çay plantasiyasında işləri sürətləndirmək və aqrotexniki tədbirləri görmək üçün kreditə ehtiyacın olduğu diqqətə çatdırıldı.
Bütün çıxış edənləri diqqətlə dinləyən Taleh Qaraşov yekun nitqində, bugünkü qəbul zamanı qaldırılan təkliflərə xüsusi diqqətlə yanaşılacağını bildirdi. Çünki, bunlar ümumi əhalinin problemidir. İcra başçısı daha sonra magistral yolun əsaslı təmir ediləcəyini, cari ildə Separadi kəndində yeni məktəb binasının tikintisinə başlanılacağını, Tükəvilə kəndində isə gələn ildən yeni məktəb binasının inşasına start veriləcəyini əminliklə vurğuladı.
Separadi kəndində 520 evə artıq mavi yanacağın verildiyini bildirən icra başçısı digər evlərə, o cümlədən Tükəvilə kəndinə qaz xətti çəkilişinin payız qış mövsümünədək başa çatacağını söylədi. Taleh Qaraşov sonda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin siyasətinin əsasını vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılmasına kökləndiyini önə çəkdi. Bütün lənkəranlıları ölkə başçısının ətrafında sıx birləşməyə çağırdı. Taleh Qaraşov çıxışının sonunda vurğuladı kı, ulu öndər Heydər Əliyevin bütün uğurların fövqündə duran məslək, milli ideya və qüdrətli məfkurə-azərbaycançılıq ideologiyası - milli-mənəvi dəyərlərin qorunması, təbliğ edilməsi sahəsində irəliləyişlərin rəhni baxımından mükəmməl bir ideologiya və dəyərli ideya kimi Azərbaycan reallığında bərqərar olmuş və ulu öndərin layiqli siyasətini varisi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.