Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya edilib - TƏFƏRRÜAT - YENİLƏNİB

5 Fevral 2024 13:18

13:18

Tərtər rayonunda heyvan otaran zaman piyada əleyhinə minaya düşən Azər Məmmədovun sol ayağı amputasiya edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, o, əvvəlcə Tərtər rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

A.Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra Bərdə rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Burada onun sol ayağı amputasiya edilib.

Məlumata görə, A.Məmmədov bir müddətdir fərdi təsərrüfatında xırdabuynuzlu heyvanların saxlanılması ilə məşğul olur. Hadisə işğaldan azad edilən Göyarx kəndi ərazisində otlaq sahəsində qoyunları otararkən baş verib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

-------

12:17


Şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, fevralın 5-də saat 11 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlunun sol ayağından xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun