"Mən Azərbaycan gənclərini çox bəyənirəm. Onlar bizim gələcəyimiz və yetirmələrimizdir. Qanları qanımızdan, canları canımızdandır. Müəyyən bir dövr var idi ki, cəmiyyətdə gənclərimizin bəzi hal və hərəkətləri bəyənilmirdi. Lakin 44 günlük müharibə zamanı torpaq uğrunda öz canından keçən gəncləri gördükdən sonra həmin stereotip qırıldı. Tək mənim yox, yaşıdlarımın, məndən əvvəlki nəsildən olan insanların da fikri bu barədə köklü şəkildə dəyişdi".
Milli.Az bildirir ki, bu sözləri "Yeni Sabah"a Əməkdar artist Gülşad Baxşıyeva Gənclər Günü münasibətilə verdiyi açıqlamada bildirib. O, vurğulayıb ki, gənclərə xüsusi qayğı göstərilməlidir:
"Biz onlara hansı formada yanaşıb, qayğı göstərsək, cavanlarımız da bunu bizə qaytaracaqlar. Təbiidir ki, bəzi qüsurlar var. Mühafizəkar təbiətə malik insanlar olduğumuz üçün elə məqamlar var ki, bəyənmirik. Məsələn müasirlik adı altında seçilən geyimlər xoşuma gəlmir. Çünki onlar dəbli libas da sayılmır. Xarici ölkələrin acından ölən təbəqələrinin geyimini bizim gənclərə yaraşdırmıram. Azərbaycanda geyimə çox böyük önəm verilir. Bu olduqca yaxşı keyfiyyətdir. Əyin-başa fikir vermək lazımdır. Cırıq-cırıq, açıq-saçıq geyimlərin əleyhinəyəm. Bu barədə tələbə gənclərlə də müzakirələr aparıram. Onlara izah edirəm ki, bura bar, diskoteka, yaxud çimərlik deyil. Bu səbəbdən geyindiyimiz libaslara xüsusi diqqət etməli və bununla da özümüzə verdiyimiz dəyəri ortaya çıxarmalıyıq. Sözümə əməl edənlər kimi, qulaq asmayanlar da var. Ancaq onlarla dalaşmağın yeri yoxdur. İstəmir və o cür geyinir. Amma məsləhətlərə qulaq asan gənclər çoxluq təşkil edir. Bir müəllim, pedaqoq və azərbaycanlı qadını kimi gənclərə daim məsləhət verirəm. Bu sözlər və tərbiyə ailədə aşılanmalıdır. Bəlkə açıq-saçıq geyinən gənclərin valideynləri həyatın mənasını bunda görür? Əslində belə olmalı deyil".
Əməkdar artist qeyd edib ki, indiki gənclər tamamilə fərqli xarakterə malikdir:
"Digər tərəfdən, pis axınlar var ki, cavanlarımızın bu yola qoşulmasını istəmirəm. Onların ətrafı, valideynləri, ağsaqqal və ağbirçəkləri məsələni nəzarətdə saxlamalıdır. Cavan olduqları üçün tez və sərt reaksiya verirlər. Onları əməlləri ilə başa salmalıdırlar ki, bu doğru yol deyil. Sadalananlar gənclərin çox az bir hissəsini əhatə edir. Mən gənclərlə işləyən zaman müşahidə etmişəm ki, onlar sağlam düşüncəyə malikdirlər və deyilən sözləri eşidirlər, əməl edirlər. Qarşı tərəfdən sevgi və qayğı gördükləri zaman eyni davranış, diqqət və hörmət gənclərdən də gəlir. Bu səbəbdən ağsaqqal və ağbirçəklərin üzərində böyük missiya var. Biz də əməllərimizlə onlara nümunə olmalıyıq. İndinin gəncləri tamamilə fərqlidir. Əvvəl deyirdilər ki, vaxt gələcək, atom əsrinin uşaqları doğulacaq. Artıq onlar dünyaya gəliblər. Gənc nəsil olduqca ağıllıdır, sadəcə onları elmə biliyə yönəltmək lazımdır. Bu baxımdan mən Azərbaycan gənclərinə böyük inam və ümid bəsləyirəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun