Bizim Mövludumuz: qardaşlığın sinonimi...

28 Yanvar 2024 06:40

Azərbaycan xalqı Mövlud Çavuşoğlu adını hər zaman "qardaş və dost" sözlərinin sinonimi olaraq xatırlayır. Çünki o, ümumilli lider Heydər Əliyevin "Bir millət iki dövlət", Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" kəlamlarını atalarımızın nəsihəti olaraq qəbul edib. Türkiyənin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri olanda da, xarici işlər naziri olanda da, bu gün də fəaliyyətini hər iki ölkənin milli liderlərinin nəsihətinə uyğun həyata keçirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

Mövlud Çavuşoğlu Azərbaycan xalqı ilə birlikdə sevinən, Azərbaycan xalqı ilə birlikdə kədərlənən qardaşlarımızdandır. Onun hazırda Türkiyənin xarici işlər naziri olmasa da, AŞPA-ın Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsiz qərarını pisləməsi, təşkilatı bu ədalətsizliyə son qoymağa çağırması da qardaşlığı vəzifəsinin tələbi kimi yox, həyatının amalı kimi görməsindən irəli gəlir. Məhz buna görə Mövlud Çavuşoğlu hansı vəzifə daşımasından, harada olmasından asılı olmayaraq, daim Azərbaycan xalqının əziz qardaşıdır. O, bu haqqı Türkiyə ilə yanaşı, Azərbaycan uğrunda mübarizəsi ilə qazanıb.

2003-2014-cü illərdə AŞPA-da Türkiyə nümayəndə heyətinin rəhbəri olan Mövlud Çavuşoğlu Azərbaycanın ədalətli mövqeyinin çarçısı kimi də çıxış edirdi. Qarabağın işğal edildiyi faktından tutmuş Xocalı soyqırımına qədər bütün ədalətsizliyə qarşı Azərbaycan nümayəndə heyəti ilə birlikdə mübarizə aparır, bir çox hallarda AŞPA-nı Azərbaycanın haqq səsinin tribunasına çevirirdi. O, hələ o vaxtdan Azərbaycan sevgisini ispat etmişdi və bütün bunları vəzifə tələbi kimi yox, həyatının amalı olaraq edirdi.

Mövlud Çavuşoğlunun 2014-cü ildə Türkiyə xarici işlər naziri təyin olunması Azərbaycanda da böyük sevinclə qarşılandı. Çünki xalq bilirdi ki, o, təkcə Türkiyənin yox, Azərbaycanın da xarici işlər naziri olacaq. Belə də oldu, Çavuşoğlu "bir millətin iki dövləti"nə xarici işlər naziri kimi xidmət etdi. Özü də hər zaman "Mən xarici işlər naziri olaraq, təkcə Türkiyənin deyil, Azərbaycanın da xarici işlər naziri kimi çalışdım" deyir.

Mövlud Çavuşoğlu xarici işlər naziri kimi keçirdiyi görüşlərdə, etdiyi səfərlərində, çıxış etdiyi beynəlxalq konfranslarda hər zaman Azərbaycanın da maraqlarını da müdafiə edir, rəsmi Bakının torpaqlarımızda işğala son qoyulması siyasətini davam etdirirdi.

Onun 2020-ci ildə Prezident İlham Əliyevlə görüşdə dediyi sözlər bu kontekstdə xüsusilə təqdirəlayiqdir: "Hörmətli cənab Prezident, Sizin təqdirinizə layiq olmaq mənim üçün şərəfdir. Söylədiyiniz gözəl sözlərə görə minnətdarlığımı bildirmək istəyirəm. Siyasətə başladığım gündən bəri təkcə Türkiyənin haqqını deyil, Azərbaycanın haqqını da müdafiə etməyi özümə borc bildim. Əsasən bunu da Sizdən öyrəndim. Avropa Şurasına ilk getdiyimiz zaman Siz də Azərbaycan nümayəndə heyətinin rəhbəri idiniz. Orada Azərbaycan qədər Türkiyəni də müdafiə edirdiniz. Yenə, bir az əvvəl söylədiyim kimi, Türkiyənin olmadığı yerlərdə, xüsusilə "Türkiyə yox, amma biz varıq, mən varam" deyərək Türkiyənin haqqını hər zaman müdafiə etdiniz. Ümummilli lider, cənnətməkan Heydər Əliyev atamızın sözü bizim üçün rəhbərdir: İki dövlətik, amma bir millətik. Bir millətin övladları olaraq, əlbəttə, bir-birimizi müdafiə edəcəyik, bir-birimizə kömək edəcəyik. Mən Xarici İşlər naziri olaraq hər zaman təkcə Türkiyənin deyil, Azərbaycanın da Xarici İşlər naziri kimi çalışdım".

Azərbaycan xalqı Mövlud Çavuşoğlunun təkcə qardaş Türkiyənin yox, bizim də xarici işlər naziri olduğunun 44 günlük Vətən müharibəsində bir daha şahidi oldu. Vətən müharibəsinin başlandığı ilk gündən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla yanaşı, Mövlud Çavuşoğlu da Azərbaycanın yanında idi.

"Azərbaycan problemi yerində həll etmək istəyirsə, biz yanında olacağıq" deyən Çavuşoğlu işğalçı Ermənistana və onun havadarlarına xəbərdarlıq etdi. Onun Vətən müharibəsinin davam etdiyi müddətdə və sonrasında "Dost da, düşmən də bilsin ki, Can Azərbaycanın yanındayıq, Azərbaycan heç vaxt yalnız deyil" sözləri dosta güvən, düşmənə qorxu yaratdı. Çavuşoğlu bu sözlərini fəaliyyəti ilə də göstərdi, Azərbaycanı yalnız buraxmadı.

Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində Ankara-Bakı reysinin əsasən bir sərnişini vardı: Mövlud Çavuşoğlu. O, mütəmadi olaraq, Bakıya gəlir, Türkiyənin xarici siyasətinin Azərbaycanın maraqlarına uyğun həyata keçirilməsi məqsədilə məsləhətləşmələr aparır, gecə-gündüz bizim maraqlarımızı müdafiə edirdi.

Çavuşoğlu hər zaman Azərbaycanın yanında idi. Torpaqlarımız qarış-qarış azad ediləndə bizimlə birlikdə sevinir, şəhidlərimizə bizimlə birlikdə yas tutur, düşmənlərimizə qarşı bizimlə birlikdə savaşırdı. Azərbaycan ordusu müharibə meydanında işğalçı Ermənistanı darmadağın edəndə Mövlud Çavuşoğlu da dünyanın müxtəlif paytaxtlarında haqlı mübarizəmiz uğrunda döyüşür, üçüncü tərəflərin prosesə müdaxiləsinin qarşısını alırdı. Bir sözlə o, Vətən müharibəsi boyunca Azərbaycan üçün sinəsini qalxan edən şəxsiyyətlərdən oldu.

Və qardaşlıq borcu hesab etdiyi bu siyasəti Vətən müharibəsindən sonra da davam etdirdi. Təkcə sülh danışıqlarında Azərbaycanın mövqeyini müdafiə etmirdi, həm də rəsmi Bakının qoyduğu tələbləri irəli sürür, Ermənistana "Qarabağ Azərbaycandır deməlisiniz" çağırışları edirdi. Vətən müharibəsindən 2023-cü ilin 20 sentyabr tarixinə - Qarabağda suverenliyimizin tam bərpa edilməsinə qədərki 3 il ərzində Mövlud Çavuşoğlu rəsmi Bakıya qarşı edilən təzyiqlərin qarşısını kəsmək, torpaqlarımızda separatizmin məhv edilməsinə nail olmaq üçün də əlindən gələni etdi.

Və bu gün də Azərbaycan uğrunda əlindən gələn mübarizəni aparır, artıq xarici işlər naziri olmasa da. AŞPA-nın ədalətsiz mövqeyini tənqid etməsi, haqq səsimizi dünyaya çatdırması Mövlud Çavuşoğlunun Azərbaycan sevgisinin daşıdığı vəzifədə yox, ürəyində olduğunu bir daha ispat etdi. Məhz buna görə Çavuşoğlu daim Azərbaycan xalqının qəlbində ən uca yerə sahib olacaq.

O, bizim - Azərbaycan xalqının Mövlududur. Qardaşlığın sinonimi...

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun