Azərbaycan MDB ölkələri arasında bu göstəricidə ikincidir

26 Yanvar 2024 18:33

Azərbaycan təkcə beynəlxalq aləmdə yerini möhkəmləndirmək üçün deyil, həm də ölkə cəmiyyətinin inkişafı üçün "yumşaq güc" alətlərindən və humanitar texnologiyalardan uğurla istifadə edir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Humanitar Texnologiyalar Mərkəzinin "Azərbaycanın yumşaq gücü" adlı hesabatında deyilir.

Humanitar Texnologiyalar Mərkəzinin "Cəmiyyətin İnkişaf İndeksi 2023" adlı hesabatın hazırlanması çərçivəsində apardığı araşdırma postsovet məkanında vətəndaşların inkişafına yanaşmaların müəyyənləşdirilməsinə yönəlib.

Araşdırmanın nəticələrinə görə, Azərbaycan mərkəzin reytinqində ikinci yerdə qərarlaşıb.

Bildirilib ki, Azərbaycan MDB ölkələri arasında tarixi varisliyi qoruyub saxlamağı və ondan cəmiyyətin inkişafı strategiyası kimi istifadə etməyi bacaran nadir ölkələrdən biri kimi seçilir. 2023-cü ildə bu ölkə "Brand Finance"in "Global Soft Power" indeksində 57-ci yerə yüksələrək, əvvəlki illə müqayisədə nəzərəçarpacaq irəliləyiş göstərib.

Hesabatda vurğulanıb ki, "yumşaq güc" alətlərindən istifadə çox vaxt humanitar texnologiyaların istifadəsi ilə əlaqələndirilir. Bu texnologiyalar cəmiyyətin inkişafına yönəlib, fərdlərin potensialını üzə çıxarmağa, düşüncə stereotiplərini aradan qaldırmağa və ölkənin insan kapitalının keyfiyyətini yüksəltməyə kömək edir.

Hesabatda qeyd olunub ki, Azərbaycan "yumşaq güc" və humanitar texnologiyalardan fəal şəkildə istifadə edir ki, bu da ölkədə insan kapitalının keyfiyyətini gücləndirməyə kömək edir.

Müəlliflər Azərbaycanda "yumşaq güc"dən istifadə nümunəsi kimi "Show me Azerbaijan" layihəsini göstərirlər. Hesabatda bu yanaşmanın uğurla həyata keçirilməsinə misal olaraq Heydər Əliyev Mərkəzi göstərilir. Qeyd edilib ki, bu mərkəz 2014-cü ildə dünyada ən yaxşı tikili adını qazanıb.

Hesabat müəlliflərinin fikrincə, Azərbaycan həmçinin diplomatik və mədəni siyasətində diasporlardan fəal istifadə edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun