AŞPA toplantılarındakı çıxışların mətni Yelisey sarayında hazırlanıb - AÇIQLAMA

26 Yanvar 2024 13:16

Avropa Şurası Parlament Assambleyasının ölkəmizin ərazi bütövlüyünün təmin olunması və suverenliyinin bərpası ilə nəticələnən 44 günlük müharibədən və lokal antiterror tədbirlərindən sonra Azərbaycana münasibətdə sərgilədiyi mövqe təkcə qərəzin, ədalətsizliyin nümunəsi deyil, həm də Avropa Şurasının Nizamnaməsi, beynəlxalq hüquq normaları ilə daban-dabana ziddiyyət təşkil edən bir yanaşmadır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Alternativ" Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin yaydığı açıqlamada qeyd olunur.

Açıqlamada bildirilir ki, AŞPA-da ölkəmizə qarşı səslənən əsassız iddiaların üslubu və ifadə tərzi belə düşünməyə əsas verir ki, sözügedən qurumun ölkəmizə qarşı qərəzli münasibətini nümayiş etdirən bütün kağız parçaları və toplantılardakı ritorik çıxışların mətni Yelisey sarayında, ya da Fransa Milli Assambleyasında hazırlanıb:

"Bu baxımdan, Azərbaycan nümayəndə heyətinin AŞ PA-dakı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırması, Avropa Şurası Parlament Assambleyasını da Avropa Parlamenti kimi öz əsassız, qərəzli və hikkəli iddialarının, çirkli oyunlarının girovuna çevirmiş Fransa və Almaniya kimi ölkələrin, eləcə də, onların "cırtdan" sattelitlərinin revanşçı davranışlarına adekvat reaksiya kimi dəyərləndirilməlidir.

İkinci dünya müharibəsindən, xüsusilə də kollektiv Qərbin SSRİ ilə münasibətlərinin kəskinləşməsindən sonra, Fransa, Niderland, Danimarka kimi ölkələr tərəfindən geosiyasi təzyiq və təbliğat elementi kimi yaradılan Avropa Şurası və onun məşvərətçi təsisatı olan AŞ PA, görünür hələ də öz yaranış mahiyyətindən uzaqlaşa bilməyib.

"Soyuq müharibə"dən sonra Avropa Şurasının və AŞPA-nın təməl missiyası Avropa məkanında sülhə, təhlükəsizliyə, əməkdaşlığa töhfə vermək, qütbləşməni aradan qaldırmaq olsa da, əməldə bunun tamamilə əksi nümayiş etdirilir. Əgər belə olmasaydı, AŞPA Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarını dəstəkləyən açıqlamalarla çıxış edər, Cənubi Qafqazda davamlı sülhə, təhlükəsizliyə töhfə vermiş olardı.

Mövcud vəziyyət bir daha sübuta yetirir ki, Avropa Şurası və bu təsisatı idarə edənlərin məqsədi Cənubi Qafqazda, bütövlükdə isə Avrasiya məkanında ziddiyyətlərin, qarşıdurmaların aradan qaldırılmasına mane olmaqdan, sözügedən bölgələri konkret qütbün müdaxiləsi üçün daim gərginlik içərisində saxlamaqdan ibarətdir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun