Azərbaycanı hədəf seçənlər deputat, yoxsa cinayətkar qrup üzvləridir? - AŞPA-nın ƏSL SİMASI

25 Yanvar 2024 20:02

Fransa Azərbaycana atəş açmaq üçün hər fürsətdən istifadə etməyə çalışır. Rəsmi Paris bu günki gün daxilindəki xaos vəziyyəti Avropanın aparıcı platformalarına sirayət etdirməklə Qərbin olub-qalan ədalətlilik prinsiplərini də ayaq altına atmaqdadır. Daha dəqiq desək, rəsmi Paris bu gün aparıcı üzvü olduğu Avropa Şurası Parlament Assambleyası kimi qurumların gücünü öz maraqları naminə ədalətsizcəsinə xərcləməkdən çəkinmir.

Məlum olduğu kimi, Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul etdi. Azərbaycan da buna səssiz qalmadı. Bu ədalətsiz qərara cavab olaraq isə Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandıraraq ötən gün iclas zalını tərk edib.

Əslində rəsmi Bakı üçün bu o qədər də gözlənilməz sayılmır. Bakıya casus şəbəkəsi göndərən, İkinci Qarabağ müharibəsindən sonra dayanmadan Ermənistanı hər yolla silahlandıraraq növbəti müharibəyə hazırlamağa çalışan Fransa üçün bu cür ədalətsiz yanaşmalar sıradan bir hadisədir. Fransa hakimiyyəti daxilində mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti bu gün AŞPA-ya da artıq sirayət edib.

Təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən sözügedən platformadan vaxtaşırı təxminən eyni cavabı eşidirdik: AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. İndi isə həmin AŞPA və həmin deputatlar bunun əksini deyir və Azərbaycana hücum etmək üçün heç bir fürsəti əldən vermirlər.

Olsun! İtirən Azərbaycan olacaq? Təbii ki, xeyr. Fransa geridə qalan 3 il ərzində rəsmi Bakı əleyhinə atdığı addımların hər birində ağır diplomatik yenilgi aldığı kimi, bu prosesin də ağır nəticələrini dadacaq.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edənlər arasındakı adlara diqqət yetirəndə hər şey daha da aydın olur:

1. Nicole Duranton

Durantonun köməkçisi və yaxın adamı Louki-Géronimo Richou 9 iyun 2023-cü ildə həbs edilib. Onun ittiham olunduğu əməllər çox ciddidir: təcavüz, zorakı hərəkətlər, oğurluq, zərərli maddələrin istifadəsi, özəl həyata təhdid və ölüm təhdidləri.

Kim iddia edə bilər ki, senator Duranton köməkçisinin bu qanunsuz əməllərindən xəbərsiz olmayıb? Öz yaxın adamının belə qanunsuzluqlarının qarşısını almayan şəxsin Azərbaycana ağıl vermək sevdasına düşməsi qədər absurd, sərsəm bir istək ola bilməz.

2. Marietta Karamanli

Karamanli deputat mandatından sui-istifadə etməkdə ad çıxarıb. Manş şəhəri merinin müavini Christophe Counil onu 2020-ci ildə bələdiyyə seçkiləri qabağı deputatlığından sui-istifadə etdiyinə görə ittiham edib.

3. Liliana Tanguy

Liliana Tanguy lobbiçilik fəaliyyəti ilə məşğul olan "Com'Publics" şirkətinə qeyri-rəsmi himayədarlıq edir. Hətta "Com'Publics"in özəl tədbirlərinə də qatılır. Şirkət aqroqida və tullantıların emal edilməsi mövzuları ilə məşğul olur. Lobbi şirkətinə lobbiçilik edən deputat bunun qanunla qadağan edildiyindən məgər xəbərsizdir?

4. Anne Stambach-Terrenoir

21 mart 2023-cü ildə Anne Stambach-in Parlamentdəki köməkçisi və yaxın adamı Emma Fourreau iştirak etdiyi iğtişaşlara görə həbs edilib. Qanunlara məhəl qoymayaraq ictimai asayişin pozulmasını qınamayan deputatdan digər məsələlərdə necə ədalət gözləmək olar?

5. Emmanuel Fernandes

12 sprel 2022-ci ildə Emmanuel Fernandes hələ deputat seçilməmişdən öncə Fransa prezidenti Emanuel Makronun Strasburqdakı əhali qarşısında çıxışı zamanı digər fəallarla birlikdə Makronun çıxışına mane olmağa çalışıb, aqressiv hərəkətlər edərək asayişi pozub. E.Fernandes məkandan uzaqlaşdırılıb və təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

O, deputat seçiləndən sonra isə simasını 180 dərəcə dəyişərək Yelisey sarayının sifarişlərini icra etməyə başlayıb. Kim zəmanət verə bilər ki, bu şəxs növbəti sifarişi yerinə yetirmir?

6. Joel Giraud

Joel Giraud bir çox tribunalarda narkotik maddələrin istifadəsinin cinayət məsuliyyətindən azad edilməsinin tərəfdarı olduğunu bildirib. Görəsən, narkotikin leqallaşmasını dəstəkləyən və ondan istifadəni təşviq edən cinayətə meyilli bu deputat Azərbaycana qarşı səs verəndə anlaqlı vəziyyətdə olub?

7. Bertrand Bouyx

Bouyux barədə bir məqamı diqqətə çatdıraq onun AŞPA-da Azərbaycana qarşı qərar qəbul edilməsindəki fəallığının haradan qaynaqlandığını bilmək üçün kifayət edir: Fransa Milli Assamlbeyasında Fransa-Ermənitsan dostluq qrupunun üzvü, erməni lobbisinin təsiri altında olan şəxslərdəndir.

11 dekabr 2023-cü ildə Ermənistan parlamentinin sədri ilə Fransanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri qismində görüşüb, daima AŞPA-da Ermənistanın vəkilliyini edib.

8. İsabelle Santiago

Deputatlığa seçki vasitəsilə yiyələnməyib. Ondan qabaq deputat olmuş Luc Carvunas eyni zamanda Alfrotville şəhərinin meri seçildiyi üçün deputatlıqdan imtina etmişdi və öz yerinə İ.Santiaqonu təklif etmişdi. Nəticə etibarilə seçicilər tərəfindən seçilməyən deputat sözsüz ki, onu bu vəzifəyə təyin etdirən erməniprəsət Luc Karvunasın sözləri ilə otrub-durur və onun "kuklası"dır. İsabellanın bu qərarda əsas adlardan biri olması təsadüf sayıla bilməz. O, erməni lobbisinin sifarişini yerinə yetirən növbəti fransız deputatdır.

9. Frank Schwabe

Bu şəxslər arasında almaniyalı deputatın da adına rast gəlinir. Onun tərcümeyi-halında yazılıb ki, o Osnabrück-də iqtisadiyyat, Essen-də isə regional idarəetmə, tarix, siyasi elmlər və sosiologiya sahəsi üzrə oxuyub. Lakin, reallıqda isə Schwabe təqdim etdiyi ixtisaslar üzrə məzun olmayıb, proqramı bitirə bilməyib. Bu fakt Bundestaqın rəsmi səhifəsində qeyd olunmayıb. O, hətta vikipediya səhifəsinə "əl gəzdirərək" bu saxtakarlığı gizlətməyə çalışsa da, jurnalistlər tərəfindən ifşa edilib.

Bəli, bütün sirlər çözülür deyə bilərik. AŞPA Almaniya da Fransa tərəfindən idarə olunur və ölkəmizə qarşı qərəzli, böhtan xarakterli addımların atılmasında almaniyalı deputatlar da baş roldadırlar. Ona görə ki, Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi ilə bağlı məsələni irəli sürən əsas fiqurlardan biri məhz deputat Frank Schwabe olub.

Çox təəssüf ki, Angela Merkel, Gerhard Şröder, Helmut Kol, Konrad Adenaur kimi rəhbərləri olmuş və öz müstəqil siyasəti ilə Avropaya ağsaqqallıq etmiş Almaniya bugünkü gün dünyada nüfuzunu itirən Fransanın oyuncağına çevrilib. Fransanın diktəsi ilə Azərbaycana qarşı qərəzli məsələlər AŞPA-da gündəliyə gətirilir, alman deputatlar da rəsmi Parisin niyyətini reallaşdırmağa çalışan bir obraza çevrilir. Görünən odur ki, Fransa Almaniyanı idarə edir və öz çirkin niyyətlərinin arxasınca aparır.

Ümumilikdə, Azərbaycan əleyhinə qərar qəbul edən əsas aparıcı deputatların kimliyinə nəzər salanda aralarında diplomatdan çox cinayətkarlığı, yalanı-böhtanı təbliğ edən, "killer" kimi sifariş gözləyən bir toplum ada rast gəlirik ancaq. Məhz Fransa AŞPA üzərindən bu cür adlar vasitəsi ilə Azərbaycana atəş açmağa çalışsa da, rəsmi Paris unutmamalıdır ki, bu "tabel silahları" bir gün özünə də atəş aça bilər.

Xatırlatmaq yerinə düşər ki, AŞPA-nın Azərbaycanın nümayəndə heyətinin etimadnaməsini qəbul etməyərək bir il müddətində Assambleyadan kənarlaşdırmağa qərar verməsi qərəz və erməni təəssübkeşliyi fonunda baş tutdu. Yəni, AŞPA üçün Azərbaycandakı insan hüquqları mövzusu daimi bəhanədir və qurum bunun üzərindən Ermənistanın maraqlarını müdafiə etməyə davam edir. Beləcə, siyasi məsələlərin həlli üçün keçmiş Qarabağ münaqişəsi zamanı özünü uyğun platforma bilməyən AŞPA indi nədənsə, hüquqi, parlament diplomatiyası istiqamətindən siyasi məcraya yönəlib.

Təhməz Əsədov
TREND