Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılara 59 milyard manatlıq məhsulsatılıb. Bunun 33 milyardı ərzaq, qalanı qeyri-ərzaq məhsulları olub.
2022-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artıb.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, ötən il Azərbaycanda adambaşına düşən orta aylıq xərc artıb.
Belə ki, 2023-cü ildə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 484,2 manat pul xərcləyib. Bu, 2022-ci illə müqayisədə 52,4 manat və ya 12,1 faiz çoxdur.
Pərakəndə ticarətdə 484,2 manat xərcin 270,9 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 213,3 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
Ekspertlərin sözlərinə görə, adambaşına düşən xərclərin artmasının əsas səbəbi inflyasiyadır. Keçən il ölkəmizdə inflyasiya yüksək olub. Ona görə də adambaşına düşən xərclər artıb. Yəni insanlar eyni məhsulu almaq üçün daha çox vəsait xərcləməli olub.
Qeyd edək ki, ötən il Azərbaycanda istehlak qiymətləri indeksi (inflyasiya) 2022-ci ilə nisbətən 108,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 109,6%, qeyri-ərzaq məhsulları üzrə 108,4%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,2% təşkil edib.
2022-ci ildə Azərbaycanda orta illik ərzaq inflyasiyası 19,5 faiz olubsa, keçən il bu rəqəm 9,6 faiz təşkil edib. Lakin ölkəmizdə ərzaq inflyasiyası azalır.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, Azərbaycanda inflyasiya xarici və daxili amillərin təsirləri ilə azalıb. Məlumatda deyilir ki, xarici mənşəli inflyasiyanın səngiməsi əsasən qlobal iqtisadi aktivliyin azalması və əksər ölkələrdə həyata keçirilən sərt pul siyasəti nəticəsində baş verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun