Türk ədəbiyatının dünyadakı ən məşhur adlarından biri, Türkiyədə sərbəst şerin əsasını qoyan, yazdıqları 50-dən çox dilə tərcümə edilən, ömrü sürgün və həbslərdə keçən "Mavi gözlü Div" adam, Nazim Hikmət Ran.
Təpədən dırnağa həsrət və ümiddən ibarət Nazim Hikmət. Türkün səsini bütün bəşəriyyətin səsinə çevirən, çagdaş Türkiyə şerinin ən məşhur və önəmli şəxsiyyəti, dəli bir sevda, həsrət və ayrılıqlar şairi Nazim Hikmət.
Mən bir insan.
Mən bir Türk şairi Nazim Hikmət!
Mən təpədən dırnaga insan.
Təpədən dirnaga kavga, hasret və umuttan ibarət!
"Gözəl üzlü şair" və ya "Mavi gözlü Dev" ...
Milli.Az publika.az-a istinadən bildirir ki, 15 yanvar Nazim Hikmətin doğum günüdür.
Bu yazı ilə "mavi gözlü div adam"ı yad edirik.
"Səni düşünmək nə gözəl şey..."
Səni düşünmək nə gözəl şey,
ümitlü şey,
dünyanın ən gözəl səsindən
ən gözəl şarkını dinləmək kimi bir şey...
Fəqət artıq ümit yetmir mənə,
mən artıq şarkı dinləmək deyil,
şarkı oxumaq istəyirəm.
Nazim Hikmət 1902-ci il yanvarın 15-də Saloniki şəhərində dünyaya göz açıb. O, 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olub. Həmvətənlərinin acınacaqlı həyatını kiçik yaşlarından hiss edərək Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeirlər yazdığı, inqilabi hərəkata qoşulduğu üçün 1919-cu ildə məktəbdən xaric edilib. Bütün yaradıcılığını xalqının azadlığı, xoşbəxt həyatı uğrunda mübarizəyə həsr etdiyi Vətənini, xalqını sevdiyinə görə şair çox əzablı bir həyat yolu keçib.
1921-ci ildə Moskvaya gələrək Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxuyub. 1924-cü ildə Ankaraya qayıdıb və həbs edilib. Bir müddət sonra azadlığa çıxaraq qəzet və jurnalda çalışıb. 1925-ci ildə qiyabi olaraq 15 il həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli yolla Moskvaya gəlib. Nazim Hikmət 1938-ci ildə saxta bir ittihamla yenidən həbs olunub və 28 illik məhbəs cəzasına məhkum edilib. Bu 28 ilin 12 ilini dəmir barmaqlıqlar arasında keçirib. Deyilənə görə, həbsdə su işgəncəsinə məruz qalaraq çox ciddi travma alıb. Ömrünün sonuna qədər bədəninə su vurmayıb, su ilə çimə bilməyib. Bədənini yalnız ətirlə təmizləyib.
Ən gözəl dəniz
hələ gedilməmiş olanıdır.
Ən gözəl çocuk
hələ dünyaya gəlmədi.
Ən gözəl günlərimiz
hələ yaşamadıqlarımız günlərdir.
Və sənə söyləmək istədiyim ən gözəl söz
hələ söyləməmiş olduğum sözlərdir.
Nazim Hikməti anlamaq və sevmək üçün onun hissləri, duyğuları, qəlb həyatı əks olunan şerlərini oxumaq mütləqdir. Hər kəsdən bir az var onun şerlərində. Oxuduqca oxumaq, xəyallardan ayrılmaq istəmirsən...
İnsanların içindəyəm sevirəm insanları.
Hərəkəti sevirəm.
Düşüncəni sevirəm,
Mübarizəni sevirəm.
Sən mübarizəmin içində bir insansan,
sevgilim,
səni sevirəm.
Nazim Hikmətin şairlik istedadından başqa bir də aşiqlik istedadı vardı. Hər yaşda aşiq ola bilir və bundan qürur duyurdu. Sevgi hisslərini sözə, şerə çevirib bütün dünyaya bəyan edirdi. Fədəkar aşiq idi Nazim Hikmət. Qadınının bir xoş sözündən, incə gülüşündən ötrü hər şey edərdi. Sevda üzündən ölsə belə. Ömrünün sonuna kimi sevdi Nazim Hikmət və nə qədər yaşayacaqdısa, içi sevgi dolu yaşıyacaqdı. "Çox şükür, aşiqəm",- deyirdi. "Mənə elə gəlir ki, bir tək insana, yüz milyonlarla insana, hər tək ağaca, bütün meşəyə, tək bir düşüncəyə, fikrə, bir çox düşüncəyə və fikrə aşiq olmadan yaşamaq, yaşamaq deyildir"-deyirdi.
Deyirlər e, mən sənsiz yaşaya bilmərəm. Bax, mən onlardan deyiləm. Mən sənsiz də yaşayaram, amma səninlə bir başqa yaşayaram...
İçimdə ikinci bir insan kimidir
Səni sevmək səadəti....
Nazim Hikmətin Azərbaycan sevgisi də bir başqa olub. Onun həyatının mühüm bir hissəsi elə məhz Azərbaycanla bağlıdır. Onun 1926-cı ildə yazdığı ilk poeması "Neft dünyasına səyahət" - Bakı neftçilərinə həsr olunub. 1928-ci ildə şairin ikinci Vətəni saydığı Azərbaycanda ilk kitabı - "Günəşi içənlərin türküsü" nəşr edilib. İlk dəfə Bakıya 1927-ci ildə Süleyman Rüstəmin dəvəti ilə gəlib. 1951-ci ildən Moskvada daimi yaşamağa başlayandan sonra tez-tez Azərbaycana, Bakıya səfər etməyə başlayır. O, Bakıda olduğu müddətdə məşhur müğənni Bülbülün ifasında "Koroğlu"nu izləyib, "Yeddi gözəl"dən zövq aldığını yazıb, Filarmoniyada xalq mahnılarına, muğamlara qulaq asdığını bildirib. Ən bəyəndiyi məklan isə Musiqili Komediya Teatrı olub.
Yaşamaq bir ağac kimi tək və azad və bir meşə kimi qardaşcasına.
Gözəl yaşadı Nazim Hikmət. Məşəqqətlə keçən ömrə, əzəblara istirablara, ayrılıqlara rəğmən bir ömrə çox şeyləri sığdıra bildi. Bunu bacardı. Sevgi gücünə. Sevdi və sevildi daim. Ona bu gücü verən də elə məhz böyük sevgi oldu.
Cibimdə yoxuydu! Ürəyimdən verdim
İnsanlar üçün ölə biləcəksən
Həm də üzünü belə görmədiyin insanlar üçün....
Həm də ən güzəl, ən gerçək şeyin yaşamaq oldugunu bildiyin halda
Həm də heç kimsə səni buna zorlamamışkən..
Axın var, günəşə axın! Günəşi zəbt edəcəyiz-günəşin zəbti yaxın! Bütün bəşəriyyəti Günəşə axın etməyə, onu zəbt etməyə, zülmətləri aydınlığa qovuşdurmaq üçün yanmağa, yana-yana yaşamağa səsləyirdi Nazim Hikmət!
Böyləsinə seviləcək bu dünya
Yaşadım deyə bilmən üçün, - deyirdi.
Nazim Hikmət 1963-cü il iyunun 3-də Moskvada vəfat edib.
Nazim Hikmətin həyatında böyük rol oynayan üç qadın - Qalina, Vera və Münəvvər dəfni zamanı bir araya gəliblər. Üçü də yanaşı duraraq Nazimin qəbrinə baxıb həzin-həzin ağlayırdılar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun