Berti Foqts: "O futbolçuları yığmaya çağırmayacağam"

30 May 2012 11:48
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts dünən Andorra ilə oyun öncəsi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:

- Bizim bu toplanışımız Yaponiyaya çətin səfərlə başladı. Lakin buna baxmayaraq, biz orada oyuna qədər iki məşqə də çıxa bildik. Birinci hissədə zəif təsir bağışlasaq da, fasilədən sonra qol epizodları yaratdıq. Bütövlükdə, oyunumuzdan razı qaldım. Ağır mövsümdən sonra belə çətin səfər asan olmasa da, belə rəqiblə qarşılaşmada topladığımız təcrübəni qənaətbəxş hesab edirəm.

Fikrimcə, Yaponiya futbolu Azərbaycan üçün yaxşı nümunədir. Son illər onların futbolu çox inkişaf edib. Futbolçuları Avropanın müxtəlif çempionatlarında çıxış edirlər. Fikrimcə, Yaponiya ilə oyun rəqibin 4:2 hesablı qələbəsi ilə başa çatmalıydı. Belə rəqibə qarşı bir neçə qol epizodları yaratdıq. Bu, məni sevindirir. İndi isə səbrsizliklə testlərin nəticəsini gözləyirəm. Onun nəticələrinə əsasən, hər bir futbolçu ilə fərdi qaydada hazırlıaşmalı olacağıq. Onlarla xüsusi söhbətim də olacaq.
 
- Yaponiya ilə oyundan sonra komandanı Andorra ilə görüşə kökləmək çətin olmayacaq ki?

- Azərbaycan yığmasının üzvləri üçün motivasiya problem olmamalıdır. Fələstinlə oyundan sonra bəzi yetirmələrimdə motivasiya çatışmazlığı ilə üzləşmişdim. Mən bugünkü məşqi də qapalı keçirmək istəyirdim. Amma jurnalistlərə görə bu, mümkün olmadı.
 
- Andorra ilə oyunda nəticə nə dərəcədə vacibdir?

- Kimlə oynamağımızdan asılı olmayaraq, qələbə qazanmağımızı istəyirəm. Meydana çıxan hər bir futbolçunun bir məqsədi olmalıdır - qələbə qazanmaq.
 
- Futbolçuların fiziki hazırlığı sizi qane edir?

- Futbolçular boş oturmamalıdırlar. Futbolçu məşq etmirsə, bunda ilk növbədə özü günahkardır. Futbolçu bu oyuna görə pul qazanır. Bu üzdən də onların peşəkar olması lazımdır.
 
- DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizi izləyirsiz?

- Olaf Yansen İrailin Çexiya ilə yoldaşlıq matçını izləyib. Almaniya - İsrail matçına özüm gedəcəm. Həmçinin Lüksemburq - Malta görüşünü də izləməyə hazırlaşırıq. Portuqaliya haqda bütün informasiyaları mənə almanlar verirlər. Rusiyaya gəlincə, bu komandanı AÇ-2012-dən sonra başqa məşqçi çalışdıracaq. Şimali İrlandiyanın oyununu Norveçlə görüşdə görmüşəm. Öz yığmamıza gəlincə, sentyabr ayında 24 futbolçu ixtiyarımda olacaq ki, onların arasından bizə kimlərin kömək edə biləcəyini müəyyənləşdirəcəyəm. Kimlərsə mənim qərarlarımdan narazı qala bilərlər. Əli Gökdəmir sentyabrdan Azərbaycan millisinin futbolçusu olacaq. Onun Yaponiyaya qarşı çıxışı mənim xoşuma gəldi. Öz klublarında yaxşı təsir bağışlayan futbolçular da millidəki yerini tapacaq.
 
- Seçmə mərhələnin startına 3 ay qalır. Komanda İsraillə ilk oyuna hazırdır?

- İsraillə oyuna hələ hazır deyilik. Ümid edirəm ki, mənə lazımi hazırlıq üçün vaxt verəcəklər. İsrailin bütün futbolçuları əcnəbi çempionatlarda çıxış edirlər. Bütün bunları nəzərə almaq lazımdır.
 
- Mahir Şükürov, Ruslan Abışov və Vladimir Levin hələ də karyeralarını harda davam etdirəcəyini tam dəqiqləşdirməyib. Bu, sizi narahat etmir ki?

- Mən oyunçularımla söhbət etmişəm və bildirmişəm ki, özlərinə tezliklə klub tapsınlar. Eyni zamanda açıq şəkildə bildirmişəm ki, əcnəbi klublara getsinlər. Gələn ildən klubu olmayan futbolçulara dəvət göndərməyəcəm. Futbolçular yalnız pulu düşünməməlidirlər.
 
- Nazim Süleymanovla iş birliyi necə gedir?

- Süleymanov indiyə qədər mənlə çalışan məşqçilər arasında ən yaxşısıdır. Oyunu hiss edə bilir. İşindən həzz alır. Oyunçularla necə işləmək lazım olduğunu bilir. Onun yeganə mənfi cəhəti çəkisi ilə bağlıdır. Çox kökdür (gülür). Belə insanlar Azərbaycan futboluna çox lazımdırlar.
 
- Avrokuboklardakı klublarımızın oyunlarını izləyəcəksiz?

- Hər şey vaxtdan asılıdır. Onların çıxışını canlı izləmək istərdim. Hamısına uğur arzulayıram. Ümid edirəm ki, ən azı bir klub Azərbaycanı layiqli şəkildə təmsil edə biləcək. Yeri gəlmişkən, Azərbaycanı Avroviziyanı əla şəkildə keçirməsi münasibətilə təbrik edirəm. Belə şeylər ölkəni populyarlaşdırır.

Milli.Az