Seçicilər "ASAN xidmət"də adlarının siyahılarda olmasını yoxlaya biləcək

8 Yanvar 2024 15:39

7 fevral tarixində ölkəmizdə keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirakla bağlı "ASAN xidmət" mərkəzlərində innovativ həll təmin edilib.

"ASAN xidmət"dən Milli.Az-a verilən xəbərə görə, mərkəzlərdə olan "ASAN növbə" terminallarına "Seçici statusunu yoxla" adlı funksional bölmə əlavə edilib. Vətəndaşlar şəxsiyyət vəsiqələrini qeyd olunan yerdə oxudaraq adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər.

Həmçinin qeydiyyat üzrə seçki dairəsi və məntəqəsi, səs veriləcək seçki məntəqəsinin ünvanı haqqında məlumatları əldə etmək mümkündür. Əgər məlumatlar sistemdə əks olunmazsa, açılmış ekranda əlaqə məlumatlarını yazmaqla Mərkəzi Seçki Komissiyasına müraciət etmək imkanı da yaradılıb.

Sözügüdən innovativ həll Mərkəzi Seçki Komissiyası və "ASAN xidmət"in birgə layihəsi çərçivəsində reallaşdırılıb.

Gün ərzində "ASAN xidmət"ə 40 000-ə yaxın vətəndaş müraciəti daxil olur və vətəndaşlarımız növbə götürərərkən eyni vaxtda bu sistemdən istifadə etməklə harada səs verməli olduqlarını operativ şəkildə dəqiqləşdirə bilərlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun